«BP-Azerbaijan»: Ötən il AÇG kompleksindən 33 mln. ton neft hasil olunub

«BP-Azerbaijan»: Ötən il AÇG kompleksindən 33 mln. ton neft hasil olunub
# 30 iyul 2013 09:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün «BP-Azerbaijan» şirkəti 2012-ci ilin yekunları ilə bağlı hazırlanmış hesabatını açıqlayıb.

«APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, Xəzər Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda hasilata 1997-ci ilin noyabr ayında «Çıraq» yatağında başlanılıb və hazırda hasilat prosesinə bu blokun Mərkəzi, Qərbi və Şərqi Azəri, həmçinin Dərinsulu Günəşli hissələri də daxildir. Nəticədə, indiyədək burada 2 mlrd. barel neft hasil olunub. Təkcə ötən il AÇG kompleksindən orta hesabla gündə 664,4 min barel (ildə 243,2 mln. barel və ya 32,9 mln. ton) neft hasil edilib.

Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 9,2 mln. kubmetr səmt qazı verilib. Ümumilikdə, 2012-ci ildə ARDNŞ-ə təxminən 3,4 mlrd. kubmetr səmt qazı təhvil verilib. Bu, müvafiq illik proqnozdan təxminən 13% çoxdur.


Hesabata əsasən, 2012-ci ildə AÇG üzrə əməliyyat xərcləri 725 mln. ABŞ dolları, əsaslı xərclər isə 2 495 mln. dollar təşkil edib. Bu il üçün isə AÇG üzrə əməliyyat xərcləri 758 mln. dollar, əsaslı xərclər isə 2 514 mln. dollar səviyyəsində nəzərdə tutulub.

Sənəddə həmçinin vurğulanır ki, 1997-ci ildən AÇG-də aparılan neft hasilatında sabit artımdan sonra 2011-2012-ci illərdə hasilatın azalması müşahidə olunub: «Bu, mövcud quyularda məhsuldarlığın aşağı düşməsi, yeni quyuların təhvil verilməsi, Xəzərdə qazma qurğularından məhdud istifadə imkanı və AÇG-də məhsuldar layın mürəkkəb geologiyası kimi amillərdən irəli gəlib. Ötən ilin noyabrında BP, ARDNŞ və digər tərəfdaşlar AÇG-də hasilatla bağlı problemlərin idarə olunması və məhsuldarlığın yaxşılaşdırılması üçün sıx əməkdaşlıq etməyə başlayıb. Gələcək bir çox illər ərzində AÇG-də məhsuldarlığın səmərəli şəkildə idarə olunması üçün birlikdə planlar hazırlanıb və hasilatla bağlı prioritet istiqamətlər razılaşdırılıb. Müəyyən edilən 7 prioritet istiqamət yeni quyuların təhvil verilməsi, lay təzyiqinin azalmasının idarə edilməsi, quyuların idarə edilməsi və sistemlərin optimallaşdırılması, hasil edilən qumun idarə edilməsi, lay suyuna və quma nəzarəti, dövri texniki xidmət strategiyasını və cari iri sərmayə qoyuluşunu əhatə edir. Bu, 2013-cü il və daha sonra hasilatın yaxşılaşdırılmasında son dərəcədə mühüm rol oynayan sahələr olacaq ki, ARDNŞ və digər tərəfdaşlarımızla apardığımız birgə işin səmərəliliyi üçün həlledici əhəmiyyət daşıyacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR