Mərkəzi Gömrük Hospitalında iki müxtəlif müdaxilə və müayinə üsulunun tətbiqinə başlanıb

Mərkəzi Gömrük Hospitalında iki müxtəlif müdaxilə və müayinə üsulunun tətbiqinə başlanıb
# 24 yanvar 2014 12:20 (UTC +04:00)

Bakı - APA. Bu günlərdə Mərkəzi Gömrük Hospitalı daha bir ilkə imza atıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hospitalın invaziv kardiologiya şöbəsində FFR və OCT adlı iki müxtəlif müdaxilə və müayinə üsulunun tətbiqinə başlanıb.

Yenicə tətbiqinə başlanılan bu üsulun digər diaqnostik vasitələrdən üstünlüyü barədə Mərkəzi Gömrük Hospitalı invaziv kardiologiya şöbəsinin müdiri Ülvi Mirzəyev bildirib ki, FFR - fraksional axım rezervinin ölçülməsi üçün bir üsuldur. Bu, damar xəstəliklərində, yayğın xəstəliklərdə və orta dərəcəli xəstəliklərdə ürək damarlarındakı darlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün lazımdır. Çünki bəzən ürək damarlarındakı darlığın əhəmiyyət dərəcəsini tam dəqiq bilmək olmur. Bu üsul isə darlığın nə dərəcədə əhəmiyyətli olub-olmadığını anlamağa kömək edir və əgər çox ciddidirsə, o zaman həmin damara müdaxilə edilir, yəni istər stent qoyulması, istərsə də açıq ürək əməliyyatının aparılması zəruriləşir. Əgər darlığın əhəmiyyəti çox ciddi deyilsə, o zaman xəstəni dərman müalicəsi ilə də təqib etmək olur.

Ü.Mirzəyev qeyd edib ki, digər üsul - optik kogeren tomoqrafiya deyilən üsul isə damara müdaxilə sırasında darlığı optimal dərəcəyə çatdırmaq üçün stent implantasiyasına şərait yaradır. Bu üsul stentin damar içində açılıb-açılmadığını, damar içində hər hansı başqa bir problemin, eləcə də tromb və ya damar yırtılmasının olub-olmadığını bilmək üçün lazımdır. Əgər, belə bir problem varsa, onda müvafiq tədbirlər görülür və müdaxilə edilir. Beləliklə, xəstələrin müdaxiləvi ürək müalicəsində irəliyə doğru daha bir addım atılmış olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR