Xələf Xələfov Kambocanın dövlət katibini qəbul edib

Xələf Xələfov Kambocanın dövlət katibini qəbul edib
# 04 aprel 2014 16:31 (UTC +04:00)

Bakı - APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Kambocanın Azərbaycanda səfərdə olan dövlət katibi Ouch Borithin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X. Xələfov Azərbaycanla Kamboca arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini söyləyərək Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəkləyən Kamboca tərəfinə təşəkkürünü bildirib.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə toxunan Xələf Xələfov iqtisadi, təhsil və enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyib.

Ouch Borith dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin Kambocanin xarici siyasətinin təməl prinsiplərindən biri olduğunu vurğulayaraq ölkəsinin zor işlətməklə dövlətlərin sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətlərin əleyhinə çıxdığını və bu əsasda da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin Kamboca tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Sovet İttifaqı zamanı kambocalı tələbələrin Azərbaycanda təhsil alması üçün yaradılmış imkanlara görə Azərbaycan Respublikasına təşəkkürünü çatdıran Ouch Borith Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını ifadə edib. O, Azərbaycanın enerji sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR