Türkiyənin məşhur yazarı: “Ata-anama dua edəndə, mütləq Niyaziyə və Həcər xanıma da dua edirəm” - MÜSAHİBƏ

Türkiyənin məşhur yazarı: “Ata-anama dua edəndə, mütləq Niyaziyə və Həcər xanıma da dua edirəm” - <span style="color: red;">MÜSAHİBƏ
# 09 dekabr 2013 11:58 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyəli yazar və sənətşünas Həyati Əsilyazıçının APA-nın Türkiyə müxbirinə müsahibəsi

- Sovet İttifaqı və daha sonra Azərbaycan ədəbiyyatı və sənətiylə tanışlığınız nə vaxt başladı?

- Mən hələ litsey şagirdi olanda rus ədəbiyyatını oxuyurdum. 1954-cü ildə İstanbula gələndə cibimdəki 15 lirənin 10 lirəsini verib David Oystraxtın konsertinə getdim. Həftəlik “Kim” dərgisində yazmağa başlayandan sonra isə teatr və konsertlərə pulsuz gedə bilirdim. O vaxtlar Moskvanın Böyük teatrından gələn qastrol konsertlərinə mütləq gedər, yazılar yazardım.

- İstanbula 1954-də gəldiyinizi dediniz, o vaxtlar Nazim Hikmətin Moskvada olduğunu bilirdinizmi?

- Təbii... Nazim Moskvaya 1950-də getmişdi, hər şeyi bilirdim.

- Onunla əlaqə üçün hansısa kanallarınız var idimi?

- Yox, qadağan idi. Necə əlaqə yaratmaq olardı? İlk əlaqəmiz 1963-də yarandı. SSRİ Yazıçılar İttifaqından Konstantin Simonov, başqırd yazar Mustay Kərim və Radi Fiş Türkiyəyə gəldilər. Onları bizim rəsmi dairələr dəvət etmişdi. 1965-də Kosıgin Ankaraya gəldi, Türkiyə Böyük Millət Məclisində çıxış etdi. O vaxt Moskva radiosunda azərbaycanlı diktor qardaşımız Ehsan Mustafayev Kosıginə tərcüməçilik edirdi. Mən də Ankaraya getdim. O vaxt Türkiyədə mətbuatın hörməti böyük idi, Ankaraya rahat gedib-gələ bilirdik. 1963-də gələn ilk yazar heyəti Türkiyə Qəzetəçilər Cəmiyyətində mətbuat konfransı keçirdi. Əziz Nesin mənə dedi ki, “Sən fəal və nizam-intizamlı adamsan, qonaqlarımızla sən məşğul olacaqsan”. O vaxt dövlət qonaqlara otel, maşın, yemək-içmək verirdi. Qonaqlarla mən məşğul olurdum, Əziz Nesin təzyiqlərə görə onları evinə də dəvət edə bilmədi.

- Siz o vaxt mədəniyyət nazirliyində işləyirdinizmi? Dövlət Sizə icazə vermişdimi?

- Yox, jurnalist idim, mənə o işi Əziz Nesin tapşırmışdı. Mənə demişdi ki, bu işlərin öhdəsindən sadəcə sən gələ bilərsən. Çünki çalışqan olduğumu bilirdi. 1965-də Kosıgin gələndə mən də Ankaraya getdim. Kosıginlə görüşə bilmədim, ancaq “Qu gölü” baletinə baxdıq, onlar dövlət protokolunda idi, necə görüşə bilərdim? Kosıgin “Qu gölü”ndə oynayan qız Meriç Sümenin ifasını bəyəndi və dedi ki, sizi “Böyük teatr”a dəvət edəcəm. 1967-də çağırdı. Mən də 1967-də Moskvadakı Beynəlxalq Dostluq Evinin dəvəti ilə SSRİ-yə getdim. Yazıçılar İttifaqı isə Əziz Nesin, Yaşar Kamal, Melih Cevdeti çağırdı. Onlar İstanbulun Qalata limanından gəmi ilə Odessaya gedib, oradan təyyarə ilə Moskvaya uçmuşdular, mən isə qatarla Bolqarıstandan getmiş, 1 həftə də Sofiyada bolqar yazarlarının qonağı olmuşdum. Moskvada Türk yazarlarını heç görmədim, onların ayrı proqramı vardı, mən isə opera teatrına gedib məşhur sənətkarlardan müsahibələr alırdım, sovetlərin sənət həyatını öyrənirdim. Mənə maşın, sürücü, fotoqraf və Qalina Belova adlı gənc bir tərcüməçi vermişdilər (Qalina Belovanın Türkiyənin bəzi media orqanları ilə yaxın əlaqələri bu gün də davam edir). Dostluq evinin müdir müavini Nona Faraç bir gün Radi Fişə dedi ki, Həyati sarışın rus qızlarını xoşlayır, ona bir rus türkoloq göndərsənə. Mənə çox kömək etdi. Qalina da mənimlə türkcəsini inkişaf etdirdi, Belarus mənşəli sarışın, gözəl qız idi. Sonra bizim Məhmət Perinçekin Moskvada müəllimi oldu. Qalina dissertasiya yazanda ona Türkiyədən çox kitab göndərmişdim, müdafiə edəndə mənə xüsusi təşəkkür etmişdi. Bunu hər kəs etməzdi.

- 1967-də Moskvaya getməzdən əvvəl Türkiyəyə gələn azərbaycanlı sənətkarlarla tanış olub yaxın əlaqələr yaratdığınızı demişdiniz...

- Niyazi İstanbula 1963-də gəldi, Ankarada “Pikovaya dama”nı tamaşaya qoyurdu, dirijor Niyazi idi. Vaxtı olan kimi İstanbula gəlib buranın şəhər orkestri ilə konsert verdi. O vaxt Təpəbaşındakı teatrda “Yevgeni Onegin”i nümayiş etdirirdilər, Niyazi konsertdən əvvəl şənbə günü teatra gəldi. O vaxt orkestrin baş dirijoru Camal Rəşid Rey idi, ancaq gələn qonaqlarla mənim yaxın dostum Panayır Abacı məşğul olurdu. Panayır mənə dedi ki, bu axşam Niyazi Təpəbaşındakı opera teatrına gedəcək. Maestro Niyazi Həcər ablayla gəlmişdi, mən onu görməyə getdim. Özümü təqdim edib dedim ki, jurnalistəm, sizin yaradıcılığınızı da yaxından təqib edirəm. “Quzum”, - dedi - “Yevgeni Onegin” tamaşasını sən tənqid etmisənmi? “Bəli” – dedim - “Mən tənqid etmişəm”. “Sən Çaykovskini hardan bilirsən” – deyə soruşdu. “Eyvah, dərmanı udduq” - deyə həyəcanlandım. Niyazi səmimi adam idi. Dedim ki, Çaykovskinin evimizdə plastinkaları vardı, ordan dinləmişəm. Maestro Niyazi Çaykovskini çox yaxşı bilirdi. Dedi ki, afərin, yazını doğru yazmısan, mən də indi tamaşaya baxacam, səndə talant var, yazmalısan. Panayır “Orkestr” dərgisi çıxarırdı, orda mən “Yevgeni Onegin”in İstanbuldakı quruluşunu tənqid etmişdim. Çox bərbad idi, bunlar çətin işlərdir. Maestro Niyazi dedi ki, sən Ankaraya gəl, mən sənə Çaykovskini başa salım. Mən hər həftənin axırında Ankaraya gedirdim, ona Kavaklıdərədə ev tutmuşdular, çünki oteldə rahat ola bilmirdi, Həcər abla ona xüsusi yeməklər bişirirdi, restoran yeməklərini yeyə bilmirdi. Hər həftənin axırında Ankaraya gedirdim, gecə saat 3-ə qədər maestro Niyazi mənə evində musiqi barədə danışırdı. Ondan hər şeyi soruşurdum, övladı yox idi, məni oğlu kimi sevirdi. 1967-də Moskvaya gedəndə Vera Fyodorovna mənə dedi ki, sənin dostun maestro Niyazi və Azərbaycanın bütün orkestri buraya gəlir, onu burda qarşılayacaqsan, yoxsa görüşmək üçün Bakıya gedəcəksən? Mən bu barədə Veraya heç nə deməmişdim, sovet kəşfiyyatı mənim bütün əlaqələrimi öyrənibmiş. Dedim ki, maestro buraya gəlirsə, onu görmək üçün niyə Bakıya gedim? Maestronun gəlişinə çox sevindim. Kreml sarayında festivalın açılış konserti oldu. Nona Faraçla yanaşı oturmuşduq. Protokolda Kosıgin, Mikoyan, Həcər abla vardı. Nona dedi ki, maestroyla fasilədə görüşəcəksən, yoxsa konsert bitəndən sonra? Dedim, konsertdən sonra. Maestro salonun qapısından girən kimi alqış qopdu, dirijor kürsüsünə çıxıb əvvəlcə orkestrin çalğıçılarını, sonra tamaşaçıları salamlayacaqdı. Dönəndə məni gördü, dövlət protokolu bir tərəfdə qaldı. Dedi ki, a mənim canım Həyati, burdasanmı? Xoş gəlmisən. O boyda sarayda mənim yanıma gəldi, qucaqlaşıb öpüşdük. İndi də xatırlayanda həyəcan məni basır, qıpqırmızı olmuşdum, salonda alqış qopdu. Heç kim məni tanımırdı, ancaq maestro Niyazi bu qədər yaxınlıq göstərdiyinə görə hamı alqışladı. Onu dünyada heç bir dirijor etməzdi.

- Bakıya ilk dəfə 1968-də Kamal Tahirlə gəldinizmi? Sizdən başqa Türkiyədən kim vardı?

- Türkiyədən heç kim yox idi, ikimiz idik. Moskvadan Əkbər Babayev vardı.

- Nazim Hikmətin yaxın dostlarından biri və ən yaxşı tədqiqatçısı hesab olunursunuz. O vaxt SSRİ-yə gedib-gələnləri Türkiyədə təzyiq altında saxlayırdılar, elə deyilmi?

- Məni də illərlə polis təqib etdi, ancaq heç bir şey tapmayıb əl çəkirdilər. 68-də gedəndə maestro Niyazi Bakıda yox idi, Moskvada idi. Fikrət Əmirovun “Sevil” operası tamaşaya hazırlanırdı, Niyazi dirijor idi. Mən Moskvada onu hər gün görürdüm, qaldığı otelə gedirdim. O vaxt Moskvada ev tutmaq mümkün deyildi, ona görə oteldə qalırdı, Həcər abla orda ona yeməklər bişirirdi. O vaxt balerina qız vardı, mən onunla evlənmək istəyirdim, ancaq sovetlər icazə vermədi. Qızla vidalaşıb otelə - maestro Niyazini görməyə getdim, dedi ki, ürəyini sıxma, gəl, Azərbaycanın ən gözəl qızını sənə alım. Bilirsənmi, mən ata-anama dua edəndə həmişə maestro Niyaziylə Həcər ablaya da dua edirəm. Onları o qədər çox sevirdim. Nur içində yatsınlar.

- Bakıya gəldiniz...

- Bizi aeroportda necə təntənəylə qarşıladılar... Azərbaycan yazarları aeroporta gəlmişdilər. Azərbaycanda 1 həftə qaldıq. Şuşada Molla Pənah Vaqifin yubileyində iştirak etdik. O vaxt bütün tədbirlərin və qəzetlərdə bizimlə bağlı çıxmış xəbərlərin fotolarını bir alboma yapışdırıb bizə hədiyyə verdilər. Kamal Tahirə də hər kəs hörmətlə yanaşırdı. Vaqifin Bakıdakı yubileyində Kamal Tahir və mən çıxış etdik, Kamal Tahir ağıllı adam idi, dedi ki, sən burdakı insanların damarını daha yaxşı tutursan, ona görə də Şuşada Vaqifin məzarı başında mənim danışmağımı istədi. Azərbaycan ədəbiyyatı və musiqisindən danışdım. Bir gecə Nigar xanım və Rəsul bəy bizi evə dəvət etdilər. Nazimin Sofiyada çap edilmiş kitabından şeirlər oxudular. Nigar xanım müdhiş bir qadın idi, Anar o vaxt gənc idi. O gecə başqa qonaqlar da vardı. Mən də Nazimin şeirlərini oxudum, bizim türkcəni dinləməkdən xoşlandılar. Onlara 2 saat şeir oxudum. 1965-də Azərbaycandan İstanbula yazarlar qrupu gəldi. Onda mən Nişantaşında yaşayırdım. Onlar Sırasəlvilərdə oteldə qalırdılar, hökumətimizin rəsmi qonaqları idilər. 3 taksi çağırıb onları evimə gətirdim, çay-şirni ziyafəti verdim. Diqqətli idilər, içki içmirdilər. Nigar xanım xatirələrində məndən də bəhs edib. O vaxt bunu hər kəs edə bilməzdi. Ancaq mən cəsur idim, Azərbaycandan gələnlərlə görüşməkdən qorxmurdum.

- Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovla da yaxınlığnızın olduğunu bilirik.

- Çox yaxınlığmız oldu. Nə vaxt getsəm, Arif mütləq məni bir axşam dəvət edərdi, musiqi barədə xeyli söhbət edərdik. Arifin “Məhəbbət əfsanəsi” baleti 1970-ci illərdə əvvəl Ankarada, sonra isə İstanbulda tamaşaya qoyuldu. Burdakı quruluş Qriqoroviçin idi. Menecer Sabah Duru İstanbuldakı tamaşa üçün pulun miqdarını artırınca “Məhəbbət əfsanəsi” baleti repertuardan çıxarıldı. Halbuki tamaşaçılar o əsəri çox sevmişdilər. Yazıq oldu. Ankaradakı tamaşanın afişasına Nazim Hikmətin adı yazılmamışdı, İstanbulda isə hər şey yaxşı gedirdi. Dövlət bu cür işlərə müəyyən qədər pul ödəyə bilir, ancaq Sabah Durunun tamahı o cür gözəl işin dayanmasına səbəb oldu. Bakıya gedib Arifin 80 illiyində iştirak etmək istəyərdim. Maestro Niyazi “Məhəbbət əfsanəsi”ni çox bəyənirdi. Arif Məlikovdan əvvəl Nazim Hikmət “Bir aşk masalı”na balet yazmağı Qara Qarayevə təklif edib, ancaq Qarayev bunu qəbul etməyərək deyib ki, mənim bir tələbəm var, o gözəl əsər yarada bilər. Bunu mənə maestro demişdi, mən Qarayevdən də soruşmuşdum, o da demişdi ki, mən yaza bilməzdim. Azərbaycan opera və balet teatrında ər-arvad xoreoqraflar Maqsud Məmmədov və Rəfiqə Axundova vardı, dünyada çox məşhur idilər, sovetlər dağılanda teatrdan uzaqlaşmışdılar, daha sonra mərhum Heydər Əliyev onları çağırıb xoreoqrafiya məktəbi qurdurdu. Bir dəfə Qarayev mənə dedi: “Moskvada balet yazırdım, bir yerdə Mayya Plisetskayadan bir şey soruşmaq lazım gəldi. Gecə idi, evinə zəng etdim, telefonu bəstəkar əri Şedrin götürdü. Dedim ki, balet yazıram, Plisetskayadan bir şey soruşacam. Şedrin mənə dedi ki, o təzə yatıb, axşam kişi səsi eşidəndə səhərə qədər yata bilmir. Bəli, Şedrin o cür dedi: arvadım gecə kişi səsi eşidəndə səhərə qədər yata bilmir”. Demək ki, çox isterikalı qadın imiş. Şedrin arvadının halını yaxşı anlayırmış, ona görə onu yuxudan durğuzmayıb ki, Qarayevin səsini eşitməsin. Qarayev sonra İstanbulda musiqişünasların konqresində iştirak etdi. O vaxtkı “Maçka” otelində qalırdı. Evim yaxın idi, hər gün bizə gəlib futbol üzrə dünya çempionatına baxardı. Çox siqaret çəkirdi, xanımı dalınca düşürdü ki, siqaret çəkmə, ancaq onun sözünü eşitmirdi. Siqaretdən öldü. Mən 1968-də Azərbaycana gedəndə Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Yazıçılar ittifaqının katibi İmran Qasımovla çox görüşürdüm. Xeyli müsahibə alıb burdakı “Orkestr” dərgisində çap etdirdim. Hamısıyla çox gözəl dostluğumuz oldu, heç vaxt əlaqəni kəsmədik.

- İmran Qasımovu necə xatırlayırsınız?

- Mərhum İmran Qasımov möhtərəm adam idi. Yunus Əmrəni çox sevirdi, mən ona Yunusun bir şeirini oxumuşdum İstanbula qayıdan kimi Yunus Əmrənin çap edilmiş bir çox kitabını İmran bəyə göndərdim. Çox sevinmişdi, çox möhtərəm və keyfiyyətli adam idi. Azərbaycana axırıncı dəfə 1991-in martında Yazarların qurultayına getdim. Onda Heydər Əliyev Naxçıvanda idi, Bakıya yazarların qurultayına gəlmişdi. Mən orada çıxış etdim. Məndən sonra fasilə elan edildi. İçəri keçəndə dedilər ki, Heydər Əliyev səninlə görüşmək istəyir, gedib görüşdüm, tanış olduq. Dedi ki, çox yaxşı danışdınız, bəyəndim, sizin dilinizi də sevirəm, dillərimiz arasında xırda fərqlər var, siz öyrətmən deyirsiniz, biz isə müəllim deyirik. Heydər Əliyev mədəni səviyyəsi son dərəcə yüksək bir adam idi, bunu hələ sovet vaxtında mənə maestro Niyazi danışmışdı, yaman adam idi. Bunlar mənim xatirələrimdə olacaq, birinci cild çıxacaq, ancaq kitabımda çıxmazdan əvvəl sizə danışdım.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR