Penitensiar müəssisələrə başçəkmələr həyata keçirilib

Penitensiar müəssisələrə başçəkmələr həyata keçirilib
# 03 aprel 2014 12:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 12 və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinə (MTCM) və 14 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) planlı başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvü də başçəkmələrdə iştirak ediblər.

Başçəkmələrin məqsədi saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

14 saylı CÇM-in bütün obyektlərinə, o cümlədən yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, məscidə, yeməkxanaya, mətbəxə, hamama baxış keçirilib, bir sıra müsbət hallar müəyyən edilib. Belə ki, yeməkxanada əsaslı təmir işləri görülməklə taxta pəncərələr müasir tipli plastik pəncərələrlə, yeməkxananın tavanı müasir standartlara cavab verən plastik (lambir) örtüklə əvəz edilib, işıqlandırılması təmin edilib, döşəməyə keramik örtüklə vurulub. Məhkumların asudə vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə futbol meydançasına yaşıl süni örtük çəkilib. Bilyard zalı tikilib istifadəyə verilib və iki bilyard stolu ilə təchiz edilib. Eyni zamanda məhkumların məişət məsələlərinin həllinə də diqqət yetirilir. Bu məqsədilə camaşırxanada yuyulmuş paltarların qurudulması üçün qurğu quraşdırılıb, telefon xətləri yeni elektron ATS-lə əvəz edilib, telefon nömrələrinin sayı 1-dən 4-dək artırılıb, müəssisənin kitabxanası üçün latın qrafikalı yeni kitablar alınıb, yaddaşında 135 kitabın mətninin yerləşdirildiyi elektron kitabxana yaradılıb. Habelə məhkumlar üçün nəzərdə tutulan klub üçün yumşaq oturacaqlar alınıb və əsaslı təmirdən sonra quraşdırılması nəzərdə tutulub.

Ümumilikdə 50-dək məhkum, o cümlədən cərimə təcridxanasında, tibb-sanitar hissəsində olan məhkumlar konfidensial qaydada qəbul edilib, onların sənədlərinə baxılıb. Məhkumlar saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından, qidalanmadan və göstərilən tibbi yardımdan narazılıq etməyiblər.

Müəssisə rəhbərliyinə bəzi məsələlərlə bağlı verilmiş müvafiq tövsiyələr yerində həll edilib.

Eyni zamanda məhkumların narahatlığına səbəb olan bəzi məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR