Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib

Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib
# 28 iyun 2013 07:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib.

«APA-Economics»in İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı İKT sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanla Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini bildirib, Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırıb.

İş adamlarının iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan R.Məmmədov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından forumun iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını qeyd edib.

Öz növbəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə «Azərbaycanda İKT siyasəti» mövzusunda təqdimatla çıxış edib. Nazir müavini Azərbaycanın ilk telekommunikasiya peykinin bu il orbitə çıxarıldığını, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən işlər və İKT-nın inkişafı istiqamətində qarşıda duran vəzifələr barədə məlumat verib və qeyd edib ki, ölkədə İKT sahəsində uğurla həyata keçirilən tədbirlər dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağını artırıb.

Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Valyi Naqi çıxışında hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini vurğulayıb və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.


Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR