ADA Böyük Britaniyanın Aberistvis Universiteti ilə memorandum imzalayıb - FOTO

ADA Böyük Britaniyanın Aberistvis Universiteti ilə memorandum imzalayıb  - <span style="color: red;">FOTO
# 22 iyul 2013 16:59 (UTC +04:00)

Bakı – APA. Bu tədris ilindən başlayaraq Azərbaycan Diplomatik Akademiyası (ADA) və Uelsin Aberistvis Universiteti arasında tələbə və professor heyətinin mübadiləsi həyata keçiriləcək.

ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, bu haqda razılaşma iki ali təhsil ocağı arasında imzalanan Memorandumda əks olunub.

İmzalanma mərasimi ADA-nın tədris mərkəzində keçirilib. Sənədi ADA prorektoru Fariz İsmayılzadə və Aberistvis Universitetinin prorektoru Con Qrattan təsdiqləyiblər. Növbəti beş il ərzində əməkdaşlıq edəcək ali məktəblər elmi mübadilənin bütün istiqamətləri, o cümlədən kitab və nəşr mübadiləsi, qarşılıqlı maraq doğuran mövzular üzrə elmi toplantılar və araşdırmaların, görüş və sərgilərin təşkil edilməsi üzrə əməkdaşlıq quracaq.

Qeyd edək ki, 1872-ci ildə təsis edilən Aberistvis Universiteti “Beynəlxalq Siyasət” ixtisası üzrə təhsil verən dünyanın ən ilk ali məktəblərindən biridir. ADA prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, hazırda Uelsin aparıcı universitetlərindən biri olan Aberistvis beynəlxalq münasibətlərlə yanaşı, digər ixtisasların mükəmməl tədrisi üzrə də seçilir. ADA hər il Uelsə iki tələbə göndərməyi planlaşdırır: “ADA tələbələri daha bir aparıcı xarici universitetdə mübadilə proqramı ilə təhsil almaq imkanı qazandılar. Diplomatiyanı bu sahədə bir əsrə yaxın tədris təcrübəsinə malik universitetlə öyrənməklə yanaşı, onlar həm də mədəni mübadilədən bəhrələnə biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR