Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib
# 25 oktyabr 2013 14:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabrın 25-dən 23 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 348 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 315-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 25-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə ağır cinayətlər məhkəməsindədir.

“Dövlət qulluğu haqqında” qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə 15 test tapşırığı; qanunvericilik sahəsində 40 test tapşırığı; informasiya texnologiyaları sahəsində 15 test tapşırığı; məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı üzrə bilikləri yoxlanılacaq.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 30 gün müddətində Komissiyanın internet saytında yerləşdirilmiş elektron onlayn müraciət formasını doldurmaqla və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Ümumi müsahibədə inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Qeyd edilən şəxslər sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 25 oktyabr 2013-cü il tarixli sayında və 25 oktyabr 2013-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında – csc.gov.az verilib.

Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Əmlak Məsələləri Dövlət Komitəsi (144 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (87 yer), Gənclər və İdman Nazirliyinin (70 yer), məhkəmə orqanları üzrə isə Şirvan Apellyasiya Məhkəməsi (10 yer) və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (9 yer) payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR