Son bir ildə Urmiya gölündə suyun səviyyəsi 28 sm aşağı düşüb

Son bir ildə Urmiya gölündə suyun səviyyəsi 28 sm aşağı düşüb
# 27 dekabr 2013 11:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Urmiya gölündə suyun səviyyəsi ötən illə müqayisədə 28 sm aşağı düşüb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad deyib.

Onun sözlərinə görə, Urmiya gölü dəniz səviyyəsindən 1270,54 metr hündürlükdə yerləşir: “Hövzənin orta dərinliyi maksimum 7,5 metrdir. Ancaq qeydə alınmış rəqəm 6,5 metrdir. Bu səviyyə minimum ekoloji tarazlıqla müqayisədə 5,3 metr azalıb”.

H.Abbasnejad deyib ki, Urmiya gölünün 85%-i şoranlaşıb: “Hazırda hövzənin yalnız 6%-də su qalıb. Bu isə 2 milyard kubmetr su deməkdir. 2012-2013-cü illərdə Urmiya gölünə hövzəyə tökülən çaylardan 2,1 milyard kubmetr su daxil olub. Bununla belə, Urmiya gölü ötən illə müqayisədə 600 milyon kubmetr su itirib. Eyni zamanda son yağıntılardan əvvəl Urmiya gölü dəniz səviyyəsindən 1270,31 metr hündürlükdə yerləşsə də, hazırda 1270,54 metrə çatıb. Ancaq hazırda dünyanın ikinci duzlu gölü olan Urmiya gölünün yalnız 15%-i qalıb”.

Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri vurğulayıb ki, yerli sakinlər Urmiya gölünün qurumasından və hazırkı ekoloji vəziyyətdən narahatdırlar: “İndiyədək hövzənin cənub hissəsindən yalnız 6%-i qalıb və bölgə əhalisi üçün ekoloji bir fəlakəti gözləməliyik. Urmiya gölünün quruması isə yalnız yerləşdiyi bölgəni deyil, digər vilayətlər, xüsusilə Tehran üçün də təhlükə deməkdir. Urmiya gölünün üzləşdiyi böhranla xərçəng və tənəffüs xəstəliklərinin artmasını gözləməliyik”.

H.Abbasnejad kənd təsərrüfatı və bu sahənin genişlənməsini Urmiya gölünün qurumasının əsas səbəbi adlandırıb: “Əgər rəsmilər bu böyük ekoloji problemi aradan qaldırmağa meylli olsalar, vilayətin kənd təsərrüfatının kəmiyyət və keyfiyyət baxımından genişlənməsini gözləməməlidirlər. Mən vilayətdə bu sahənin sistematik şəkildə idarə olunmasına çağırıram”.

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR