BQP Bakının işğaldan azad olunmasının 95-ci ildönümünü münasibətilə tədbir keçirib - FOTOSESSİYA - VİDEO

BQP Bakının işğaldan azad olunmasının 95-ci ildönümünü münasibətilə tədbir keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 sentyabr 2013 10:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Böyük Quruluş Partiyası (BQP) Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad olunmasının 95-ci ildönümü münasibətilə dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən BQP başqanı, millət vəkili Fazil Mustafa xatırladıb ki, 1918-ci il 31 mart soyqırımından sonra Azərbaycan erməni-bolşevik hərbi birləşmələri tərəfindən amansız bir təcavüzə məruz qalıb. Belə bir şəraitdə Azərbaycan cəmiyyətinin tək ümid yeri Osmanlı dövləti olub. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə bu təcavüzün qarşısı alınıb və Bakı işğaldan azad olub.

F. Mustafa qeyd edib ki, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn əsgərlər heç bir təmənna güdmədən canlarını, qanlarını Azərbaycan xalqının yolunda fəda edərək Azərbaycana dövlət qazanmaq yolunda şans veriblər: “Ona görə də Nuru Paşa başda olmaqla, bu insanların xatirəsi əbədiləşdirilməlidir. Onlar qəhrəmanlıqla vuruşaraq, Bakını erməni-bolşevik işğalçılarından azad ediblər. Bizim borcumuzdur ki, bu tarixi xüsusi diqqətlə anaq və onların haqqını verək. Bu insanların fədakarlığı olmasaydı, bəlkə də Azərbaycan bu ərazilərdə güclü dövlətə çevrilməzdi”.

Millət vəkili Qənirə Paşayeva deyib ki, 15 sentyabr Azərbaycan üçün çox əhəmiyyətli bir tarixdir: “Bu tarixi biz məktəblərdən başlayaraq gənclərimizə aşılamalıyıq, geniş şəkildə təbliğ etməliyik. Bununla bağlı sənədli filmlər də çəkilməlidir, bu tarix əbədiləşdirilməlidir. Mən ümid edirəm ki, Nuru Paşanın Bakının görkəmli yerində abidəsi ucaldılacaq. Çünki bu, bizə və gələcək nəsillərə çox lazımdır”.

Tarixçi alim Şirməmmməd Hüseynov həmin dövrdəki tarixi hadisələri təhlil edərək Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, buradakı fədakarlığı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasındakı rolu barədə danışıb.

BAXCP sədri Qüdrət Həsənquliyev 1918-1920-ci illlər Azərbaycan-Türkiyə münasibətlərini yüksək qiymətləndirərək, hazırda bu münasibətlərin istənilən səviyyədə olmadığını vurğulayıb. O qeyd edib ki, bu gün bu iki dövlət müstəqil olsa da, hər hansı ittifaqda birləşə bilmir: “Bu gün torpaqlarımız işğal olunsa da, Türkiyə bu sahədə Azərbaycana lazımınca dəyər vermir. Ermənistanla müəyyən iqtisadi əlaqələr qurur. Biz hər bir tarixi hadisəyə bu günlə müqayisə edərək baxmalıyıq. O dövrün tarixi hadisələrindən ibrət dərsi götürərək bu günümüzü qurmalıyıq”.

Millət vəkilləri İlyas İsmayılov, Sabir Rüstəmxanlı və tədbirin digər iştirakçıları da mövzu haqda fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçıları adından Nuru Paşa və Qafqaz İslam Ordusunun xatirəsinin və Bakının işğaldan azad olunduğu tarixin əbədiləşdirilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR