Azərbaycan Hesablama Palatasının sədri beynəlxalq konsorsiumun nümayəndələri ilə görüşüb

Azərbaycan Hesablama Palatasının sədri beynəlxalq konsorsiumun nümayəndələri ilə görüşüb
# 07 fevral 2014 11:48 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov «2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsində Hesablama Palatasına köməklik göstərmək üçün Məsləhətçi Xidmətlər» ilə bağlı layihənin II, III və IV komponentlərinin icraçısı olan beynəlxalq konsorsiumun nümayəndələri ilə görüşüb.


Hesablama Palatasından APA-ya verilən məlumata görə, V.Gülməmmədov layihənin üç komponentini icra edən «KOSI Corporation Ltd.» şirkəti, Türkiyənin ali audit qurumu olan Türkiyə Hesablama Məhkəməsi və «Central Audit Azerbaijan» şirkətinin daxil olduğu beynəlxalq konsorsiumun nümayəndələrinə bu komponentlərin icrasında bir sıra gecikmələrlə bağlı narahatlığını ifadə edib. Hesablama Palatasının sədri deyib ki, artıq layihənin daha məsuliyyətli mərhələsi başlayıb və bu mərhələdə nəzərdə tutulan tədbirlər Palatanın gələcək inkişafı və potensialının gücləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

«KOSI Corporation Ltd.» şirkətinin nümayəndəsi baş vermiş gecikmələrin təsirinin sonrakı aylarda aradan qaldırılması üçün tədbirlərin yeni qrafikinin hazırlandığını, layihənin sonunadək bütün tədbirlərin vaxtında həyata keçirilməsi məqsədilə güclərin səfərbər edildiyini bildirib.

Müzakirələrin sonunda V.Gülməmmədov Hesablama Palatasının bu layihənin müvəffəqiyyətində maraqlı olduğunu bir daha ifadə edib və əməkdaşlarının bütün tədbirlərdə aktiv iştirakının təmin ediləcəyini söyləyib. Eyni zamanda, layihənin yenilənmiş tədbirlər planı ilə Hesablama Palatasının 2014-cü il üçün İş Planı arasında uzlaşmanın təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR