Həsən Ruhani: “İranın aktiv diplomatiyası yeni sanksiyaların tətbiqi prosesinin qarşısını aldı”

Həsən Ruhani: “İranın aktiv diplomatiyası yeni sanksiyaların tətbiqi prosesinin qarşısını aldı”
# 21 oktyabr 2013 09:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran hökumətinin qısa müddətdə ali dini liderin dəstəyi və etimadı sayəsində dünya ilə konstruktiv əməkdaşlığı yaxşı nəticələr verdi”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani oktyabrın 20-də İran Nazirlər Kabinetinin üzvləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, hökumətin atdığı diplomatik addımlar ölkəyə qarşı yeni sanksiyaların tətbiqi prosesini dayandırdı.

H.Ruhani oktyabrın 15-16-da Cenevrə şəhərində İranla “altılıq” ölkələri arasında keçirilmiş nüvə müzakirələrində göstərilən diplomatik səyləri də alqışlayıb: “İranın diplomatiya sahəsindəki fəal siyasəti dünya ictimaiyyətinin, hətta sanksiya tətbiq edən ölkənin xalqının da diqqətini çəkdi. Bu isə İranın nüvə haqlarının getdikcə rəsmi şəkildə tanınması tendensiyasını gücləndirməklə yanaşı, irəliləyişin əldə olunmasına maneə törədən amilləri də qaldıracaq istiqamətdədir”.

İran prezidenti deyib ki, artıq tərəflər arasında uzlaşmanın əldə edilməsi və əməkdaşlığın yaranmasına mane olmağa çalışan və düşməncə mövqe nümayiş etdirən İsrail meydanda təkbaşına qalıb: “Bundan əvvəl də İranın beynəlxalq siyasi arenada bir uğura nail olduğu zaman İsrailin daxildə və xaricdə bu cür işlərlə məşğul olmağa başladığının şahid olduq”.

H.Ruhani vurğulayıb ki, İran xalqının hərəkət trayektoriyası məlumdur: “Ali dini liderin inkişaf üçün təyin etdiyi hədəflər diqqətlə izləniləcək. Hökumət bu yolu konstruktiv əməkdaşlıqla qət etməkdə qərarlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR