Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti imtahan mərhələsi keçirilib

Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti imtahan mərhələsi keçirilib
# 05 iyun 2014 11:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanın prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti imtahan mərhələsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 5-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilib.

İmtahanı 30-a yaxın hökumət, qeyri-hökumət və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

Prezidentin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 2 sentyabr 2013-cü il tarixində prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tələblərinə cavab verən 373 namizədin (onlardan 53-ü qadın) sənədləri qəbul edilərək müsabiqənin ilkin mərhələsi olan test imtahanına buraxılıb. Onlardan 360 nəfəri 31 yanvar 2014-cü il tarixində keçirilmiş test imtahanında iştirak etməklə 105 nəfəri müvəffəqiyyət qazanaraq növbəti yazılı imtahan mərhələsində iştirak etmək hüququ əldə edib.

Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 99 namizəddən 15 nəfəri qadın olmaqla, 72-si Bakı Dövlət Universitetinin, 10-u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 8-i Naxçıvan Dövlət Universitetinin, 9-u isə digər ali təhsil müəssisələrinin məzunlarıdır. Onlardan 5 namizəd magistraturanı bitirib, 16-sı hazırda magistratura pilləsində təhsil alır, 14 namizəd isə ali təhsil müəssisələrini fərqlənmə ilə bitirib.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq, eyni zamanda bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR