Kənd Təsərrüfatı Nazirliyi: Gürcüstandan Azərbaycana kartof idxal olunmur

Kənd Təsərrüfatı Nazirliyi: Gürcüstandan Azərbaycana kartof idxal olunmur
# 12 noyabr 2013 10:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Ermənistanda boz çürümə və xərçəng xəstəliyinə yoluxmuş kartof məhsullarının Azərbaycana gətirilmə təhlükəsi yoxdur, çünki Gürcüstandan Azərbaycana kartof idxal olunmur”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

O bildirib ki, Gürcüstandan Azərbaycana gətirilən kartof məhsullarının geri qaytarılması ilə bağlı KTN-də heç bir məlumat yoxdur: “Azərbaycanda istehsal edilən kartof əhalinin həmin məhsula olan tələbatını tam təmin edir. Hətta tələbatdan da çox istehsal edilir. Əgər ölkə əhalisinin kartofa olan tələbatı 400 min tondursa, Azərbaycanda ildə 900 min tondan çox kartof istehsal olunur”.

KTN-in sözçüsü onu da əlavə edib ki, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti fəaliyyət göstərir: “Azərbaycana gətirilən kənd təsərrüfatı məhsulları orada analiz olunur və onlara müəyyən sertifikat verilir. Hazırda ölkəyə idxal olunan məhsulların heç birində problem yoxdur”.

Qeyd edək ki, Ermənistanda geniş yayılan bu xəstəliyin ölkəmizə Gürcüstan vasitəsilə daxil olması ehtimalı var. Ümumiyyətlə, xəstə məhsul insan orqanizminə ziyan vermir. Sadəcə, istehlakçıların aldıqları məhsulun yarısı yarasız ola bilər. Eyni zamanda xəstə kartofdan toxumluq kimi istifadə etdikdə də torpağa ziyan vurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR