ABŞ-ın Çikaqo şəhərində Azərbaycanla bağlı tədbirlər keçirilib

ABŞ-ın Çikaqo şəhərində Azərbaycanla bağlı tədbirlər keçirilib
# 26 noyabr 2013 04:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Çikaqo şəhərində Azərbaycanla bağlı keçirilən tədbirlərdə iştirak edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir Qlobal Məsələlər üzrə Çikaqo Şurası, Çikaqo Yəhudi İcması üzrə Əlaqələr Şurası, eləcə də Amerika Yəhudi Komitəsinin Çikaqo ofisində Azərbaycanla bağlı müzakirələrə qatılıb.

E.Süleymanov ABŞ-ın beynəlxalq münasibətlər üzrə ən qədim və məşhur mərkəzlərindən biri olan Qlobal məsələlər üzrə Çikaqo Şurasında Azərbaycanla bağlı təqdimatla çıxış edib. Azərbaycanlı diplomatı qonaqlara təqdim edən Şuranın vitse-prezidenti Niam Kinq (Niamh King) son dövrlər Azərbaycanın müxtəlif sahələrdə nəzərəçarpacaq inkişafı barədə söz açıb və ardıcıl, məqsədyönlü siyasi kursun nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini bildirib.

E.Süleymanov isə Azərbaycanın dövlətçilik tarixini, iqtisadi və xarici siyasət sahəsində qazandığı uğurlar barəsində geniş məlumat verib, ölkəmizin iştirakçısı və birbaşa təşəbbüskarı olduğu enerji layihələri haqqında danışıb.

Azərbaycanda xarici sərmayələrin yatırılması üçün münbit mühitin formalaşdığını qeyd edən E.Süleymanov ölkəmizin regional inteqrasiyanın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir hazırkı mərhələdə qonşu Ermənistanın işğalçı siyasətinin davam etməsinin bu prosesləri ləngitdiyini və Cənubi Qafqaz regionun sabit gələcəyinin qurulmasına mane olduğunu vurğulayıb.

E.Süleymanov Çikaqo Yəhudi İcması üzrə Əlaqələr Şurasında da çıxış edib. Səfir Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi milli, etnik və dini rəngarəngliyin təşviqi siyasəti barəsində danışıb. E.Süleymanov ölkəmizin çoxmədəniyyətlilik, tolerantlıq mövzularına həsr olunmuş dünyamiqyaslı forum və konfranslara ev sahibliyi etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR