Azərbaycan ərazisi ilə yük daşıyan avtomobillər GPS sistemli elektron kilidlə bağlanacaq - FOTO

Azərbaycan ərazisi ilə yük daşıyan avtomobillər GPS sistemli elektron kilidlə bağlanacaq - <span style="color: red;">FOTO
# 05 iyun 2013 13:41 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında «Gömrük xidmətinin təkmilləşdirilməsi Layihəsi»nin IV mərhələsi imzalanıb.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarət etməkdən ibarətdir. Bu sistem vasitəsilə sərhəd gömrük buraxılış məntəqələrindən ölkə ərazisinə idxal və ya tranzit rejimində daxil olan yük daşıyan avtomobillər xüsusi mexaniki-elektron kilidlə (elektron plomb) bağlanacaq və bu kilidlər GPS sistemi ilə təmin olunduğu üçün yükün təyinat gömrük orqanına çatana qədər nəzarət edilməsinə imkan verəcək.

«Sistemin üstünlüyü ondan ibarətdir ki, yükü göndərən gömrük orqanı ilə təyinat gömrük orqanı arasında tranzit yüklərin daşınmasında hərəkət marşrutundan çıxan faktların qarşısı alınacaq, eyni zamanda bu sistem vasitəsilə ölkə ərazisində gömrük nəzarəti altında yerləşdirilmiş mal və nəqliyyat vasitələri üzrə qaçaqmalçılıq faktlarının qarşısı alınacaq», - deyə məlumatda bildirilir.

İmzalanma mərasimindən əvvəl DGK-nin sədri Aydın Əliyevlə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek görüşüb. Görüşdə DGK sədri 1999-cu ilin yanvar ayından BMTİP ilə icrasına başlanılan «Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması Layihəsi»nin uğurla davam etdiyini xatırladaraq, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Komitə sədri Azərbaycan gömrük xidmətinin İKT-nin tətbiqi ilə bağlı həyata keçirdiyi işlərin real nəticələrlə müşahidə olunduğunu bildirib. Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMTİP-nin DGK-yə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bu gün imzalanan növbəti mərhələnin Azərbaycanın gömrük ərazisində tranzit yüklərin daşınmasına avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində A.B.Broek müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edərək, BMTİP ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirib. BMTİP-nin Azərbaycanın gömrük xidmətinə yardımını bundan sonra da əsirgəməyəcəyini bildirən qonaq ümumiyyətlə mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib, əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Qeyd edək ki, sənədi A.Əliyev və A.B.Broek imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR