Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar 73% artıb

Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar 73% artıb
# 13 iyun 2014 10:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında əsas sığorta növləri arasında ən ciddi artım həyatın yaşam sığortasında qeydə alınıb. Həyatın yaşam sığortası üzrə yığımlar 25,8 mln. manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri (ASA) Orxan Bayramov məlumat verib.

O. Bayramovun sözlərinə görə, tibbi sığortada sığorta haqlarının yığımı 15% artaraq 42,5 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığım 15% artaraq 12,8 mln. manat olub. İlk 5 ayda istehsalatda bədbəxt hadisələrdən sığorta üzrə 17,5 mln. manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9% çoxdur. Həyatın ölüm halından sığortası 3,55 dəfə artaraq 6,6 mln. manata, daşınmaz əmlakın icbari sığortası isə 30% artaraq 6,2 mln. manata çatıb.

Ümumilikdə ayrı-ay sığorta növləri üzrə yığılmış sığorta haqqının ən yüksək artımı mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortasında qeydə alınıb. Bu sığortadan yığımlar təxminən 5 dəfə artaraq 293 min manat təşkil edib. Bu dövrdə sağalmaz xəstəliklərdən sığorta 3,43 dəfə artaraq 34 min manata, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası isə 2,16 dəfə artaraq 560 min manata çatıb.

Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım həyatın ölüm halından sığortasında qeydə alınıb. Bu rəqəm 4,44 dəfə artaraq 371 min manata çatıb. Su nəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 3,37 dəfə artaraq 1750 manat, əmlakın yanğından və digər risklərdən sığortası üzrə 3 dəfə artaraq 5,7 mln. manat təşkil edib.

Həyatın yaşam sığortası üzrə ödənişlər 61% artaraq 1,65 mln. manata, istehsalatda bədbəxt hadisələrdən sığorta üzrə ödənişlər 54% artaraq 901 min manata, daşınmaz əmlakın icbari sığortası 35,5% artaraq 868 min manata, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 29% artaraq 11 mln. manata, tibbi sığorta üzrə ödənişlər 6,7% azalaraq 19 mln. manata, kasko sığortası üzrə ödənişlər 4,5% artaraq 11,2 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR