Rotterdam meri: «Azərbaycanla bir çox sahədə əməkdaşlıqda maraqlıyıq»

Rotterdam meri: «Azərbaycanla bir çox sahədə əməkdaşlıqda maraqlıyıq»
# 21 noyabr 2013 09:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Niderland Azərbaycandan neft idxalını artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Niderlandın Rotterdam şəhərinin meri Əhməd Əbutalib bildirib.


Onun sözlərinə görə, Rotterdam limanı vaxtı ilə dünyanın ən böyük limanı olub: «İndi isə Qərbi Avropada ən böyük və ən geniş limandır. Bununla yanaşı, bu şəhəri Avropaya açılan bir qapı kimi də qiymətləndirmək olar. Bu qapıdan neft və qaz məhsulları ilə bərabər, ərzaq məhsulları, meyvə-tərəvəz də idxal etmək mümkündür».


Mer bildirib ki, hazırda Azərbaycandan Rotterdama ildə 2 mln. ton neft gətirilir: «Bu da limana gətirilən neftin 2%-ni təşkil edir. Düşünürəm ki, Bakı və Rotterdam limanları arasında əməkdaşlıq bir o qədər də geniş deyil və Azərbaycana gəlişimizin məqsədlərindən biri də bu iki şəhərin limanları arasında əməkdaşlığı genişləndirməkdir».


Ə.Əbutalib deyib ki, neft və qaz sektorundan başqa, digər sahələr üzrə də əməkdaşlıq imkanları nəzərdən keçirilir: «Bura su təsərrüfatının idarə olunması, kənd təsərrüfatı sahəsi və tələbə mübadiləsi ilə bağlı perspektivlər nəzərdən keçirilir. Rotterdamda iqtisadiyyat və tibb fakültələri üzrə güclü universitetlər var. Düşünürəm ki, bu sahədə də əməkdaşlıq edə bilərik və bu əməkdaşlıq bizi maraqlandırır».


Rotterdam meri bildirib ki, su təminatı və su təsərrüfatı sahəsində Niderlandın böyük təcrübəsi var: «Rotterdam şəhəri dəniz kənarında yerləşir və şəhərin böyük bir qismi dəniz sahəsindən 6 metr aşağıdadır. Düşünürəm ki, bu sahədə də Bakıya və bütövlükdə Azərbaycana təcrübəmizlə kömək edə bilərik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR