Azərbaycan səfiri Novruz günü münasibətilə Meksika Deputatlar Palatasında keçirilən tədbirdə çıxış edib - FOTO

Azərbaycan səfiri Novruz günü münasibətilə Meksika Deputatlar Palatasında keçirilən tədbirdə çıxış edib  - <span style="color: red;">FOTO
# 22 mart 2013 12:18 (UTC +04:00)

Bakı – APA. Martın 21-də Meksika Konqresi və Dini Dözümlük və Vicdan Azadlığı Daimi Kampaniyası tərəfindən Deputatlar Palatasının binasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, İran, İraq və Pakistanın Meksikadakı diplomatik nümayəndəliklərinin rəhbərləri, Deputatlar Palatasının üzvləri və Meksikanın İslami Qadınlar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən səfir İ. Muxtarov tədbir iştirakçıları və Novruz bayramını qeyd edən xalqları təbrik edərək, Novruz bayramı haqqında toplantı iştirakçılarına məlumat verib. Səfir qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında “Beynəlxalq Novruz günü” qətnaməsi qəbul olunub, habelə 2009-cu ildə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilib.

İ. Muxtarov Meksikanın Deputatlar Palatasının üzvlərinə 2011-ci ilin mart ayından ənənəvi olaraq hər il Novruz bayramının Meksika Konqresində qeyd edilməsi üçün verilən dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra konfrans iştirakçılarına Novruz bayramı haqqında Azərbaycan səfirliyi tərəfindən hazırlanmış təqdimat nümayiş etdirilib, görüş iştirakçılarına Novruz bayramının tarixi və xüsusiyyətləri barədə əlavə məlumatlar verilib.

Tədbirdə İran, Pakistan və İraqın diplomatik nümayəndəliklərinin rəhbərləri də çıxış edib, Novruz bayramının öz ölkələrində keçirilmə tarixindən və xüsusiyyətlərindən danışıblar.

Tədbirdə Meksikanın Dini Dözümlük və Vicdan Azadlığı Daimi Kampaniyası və İslami Qadınlar Cəmiyyətinin nümayəndələri çıxış edərək, Novruz bayramını qeyd edən xalqları təbrik edib, bu bayramın sülh və barış adətlərindən danışıb, bir çox dünya ölkələrinin örnək götürməsinin vacibliyini vurğulayıblar.

Novruz bayramı haqqında çıxışlar və təqdimatlardan sonra iştirakçı ölkələrin səfirləri və tədbirin təşkilatçıları auditoriyanın suallarını cavablandırıblar.

Tədbirdən sonra, görüş iştirakçıları Meksika Parlamentində Novruz bayramı münasibəti ilə 2011-ci ilin mart ayında Azərbaycan, İraq və İran səfirlikləri tərəfindən əkilmiş ağacların yerləşdiyi Konqresin İctimai Park ərazisini ziyarət ediblər.

Qeyd edək ki, 2011-ci ilin mart ayında Novruz bayramı münasibəti ilə Konqresin park ərazisində səfirlik tərəfindən Azərbaycandan gətirilmiş ağac əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR