Bank Of Baku

ABŞ Yunanıstana 4 milyard dollarlıq hərbi texnika satacaq

ABŞ Yunanıstana 4 milyard dollarlıq hərbi texnika satacaq
# 08 oktyabr 2026 02:36 (UTC +04:00)

ABŞ Yunanıstanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə bu ölkəyə 4 milyard dollar dəyərində hərbi texnika və avadanlıq satacaq.

Bu barədə Afinada keçirilən ABŞ–Yunanıstan Strateji Dialoqunun altıncı raundunun yekunlarına dair birgə bəyanatda bildirilib.

Oktyabrın 7-də keçirilən görüşə Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis və ABŞ dövlət katibi Marko Rubio sədrlik ediblər. Tərəflər geniş spektrli beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bəyanatda iki ölkə arasında münasibətlərin ortaq demokratik dəyərlərə və Yunanıstanın NATO-nun fəal müttəfiqi roluna əsaslandığı vurğulanıb.

Tərəflər müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiyaların genişləndirilməsi, eləcə də mədəni əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Sənədə əsasən, ABŞ-ın Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində Yunanıstana 4 milyard dollarlıq hərbi texnika və avadanlıq satılacaq. Bu addım Yunanıstanın uzunmüddətli müdafiə planlaşdırılmasına dəstək göstərmək, silahlı qüvvələrin qarşılıqlı əməliyyat uyğunluğunu artırmaq və innovativ texnologiyalar da daxil olmaqla, müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyır.

Bəyanatda Yunanıstanın ABŞ Milli Qvardiya Bürosunun Florida ştatı ilə Dövlət Tərəfdaşlığı Proqramında iştirakına dair razılaşmanın yekunlaşdırıldığı da qeyd olunub.

Bundan başqa, Yunanıstana “Stryker” zirehli maşınlarının tədarükü vasitəsilə iki ölkənin silahlı qüvvələri arasında əməliyyat uyğunluğunun artırıldığı bildirilib.

Tərəflər müdafiə əməkdaşlığının həm ikitərəfli təhlükəsizlik məqsədlərinə, həm də NATO-nun ümumi təhlükəsizlik hədəflərinə nail olunmasında strateji əhəmiyyətini təsdiqləyiblər.

ABŞ və Yunanıstan hüquq-mühafizə fəaliyyəti və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı genişləndirmək, həmçinin qeyri-qanuni miqrasiya probleminin həlli istiqamətində birgə səyləri davam etdirmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR