Heydər Əliyev adına İdman Sarayı Avropa Oyunlarını qəbul etməyə hazırdır - REPORTAJ

Heydər Əliyev adına İdman Sarayı Avropa Oyunlarını qəbul etməyə hazırdır - <span style="color: red;">REPORTAJ
# 13 may 2015 13:30 (UTC +04:00)

7800 tamaşaçı tutumuna malik Heydər Əliyev adına İdman Sarayı Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Birinci Avropa Oyunları zamanı burada cüdo, sambo və güləş yarışları keçiriləcək.

Bu yarışlarda idmançıların hazırlığı üçün 750 kv. m sahəsi olan məşq zalı və yeməkxana da fəaliyyət göstərəcək. Burada püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var.

Binanın ikinci mərtəbədə foye və qida məntəqələri, daha yuxarı mərtəbədə VİP və kompleks rəhbərliyinin inzibati otaqları olacaq. Bundan başqa, həmin mərtəbədə Avropa Oyunları ailəsinin otağı və informasiya texnologiyaları kabinetləri fəaliyyət göstərəcək. 4-cü mərtəbədə təhlükəsizlik otaqları var və 2 böyük monitor quraşdırılıb. Video nəzarət və şərhçi otaqları 5-ci mərtəbədə olacaq.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Obyektlərin idarə olunması şöbəsinin mütəxəssisi İlkin Babayev bildirib ki, arena 7800 nəfərlik olsa da, standartlara uyğun olaraq güləş və sambo yarışlarının hər birində oturacaqların sayı 5 min, cüdo yarışlarında isə 4 min olacaq: "Güləş üzrə yarışlar 13-18 iyun, sambo üzrə 22 iyun, cüdo üzrə 25-28 iyunda təşkil olunacaq. Yarışlarda güləş üzrə 480, sambo üzrə 77 idmançı mübarizə aparacaq. Cüdo üzrə yarışacaq idmançıların sayı hələ dəqiqləşməyib. Londonda cüdo üzrə keçirilməli olan Avropa çempionatı ləğv olunub. "Rio-2016"ya kvalifikasiya verən yeganə yarış "Bakı-2015" I Avropa Oyunları olacaq. Ona görə I Avropa Oyunlarında cüdo üzrə neçə idmançının mübarizə aparacağı hələ ki, müəyyənləşməyib".

İdmançıların soyunub-geyinmə otaqları da müasirliyi ilə fərqlənir. Sahəsi 2500 kvadrat metr təşkil edən bu otaqda sauna kabinələri qoyulub ki, bu da idmançıların yarışdan əvvəl öz çəkilərini nizamlamağa xidmət edəcək.

İndiyədək bir çox beynəlxalq yarışlara ev sahibliyi edən bu arena indi daha mötəbər bir yarışı qəbul etməyə hazırlaşır. Burada tamaşaçıların rahatlığı üçün hər cür şərait yaradılıb. VİP, CİP oturacaqlar quraşdırılıb, əlil tamaşaçılar üçün ayrıca oturacaqlar yerləşdirilib.

Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və kafe də yaradılıb.İdman obyekti Wi-Fi ilə təmin olunub. Aprelin 16-19-da güləş üzrə test yarışı keçirilib. Yarışlar çox yüksək səviyyədə təşkil olunub və arenanın “Bakı-2015”ə tam hazır olduğu bir daha müəyyənləşib.

1977-ci ildə inşasına başlanan bu obyekt 1990-cı ildə istifadəyə verilib. Burada bədii gimnastika üzrə Dünya Kubokunun üç mərhələsi, iki Avropa Çempionatı və bir Dünya Çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR