“Azərbaycan - tolerantlığa nümunə ölkə” adlı dəyirmi masa keçirilib

“Azərbaycan - tolerantlığa nümunə ölkə” adlı dəyirmi masa keçirilib
# 14 noyabr 2014 09:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan - tolerantlığa nümunə ölkə” adlı dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, komitə sədri Mübariz Qurbanlının aparıcılığı ilə keçən tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Ombudsman Aparatının, ölkədəki dini icmaların nümayəndələri və digər şəxslər iştirak ediblər.

M.Qurbanlı çıxışında bildirib ki, 16 noyabr - Beynəlxalq Tolerantlıq günü ilə bağlı komitə tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir: “Keçirilən tədbirin məqsədi Azərbaycanın tolerantlıq sahəsində qazandığı uğurların müzakirə edilməsi və ictimaiyyətə çatdırılmasıdır. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq mühitində yaşadığı bir ölkədir. Avropalı üçün tolerantlıq hüquqi borcdur, azərbaycanlı üçün isə mənəvi ehtiyacdır. Tolerant cəmiyyət o cəmiyyətdir ki, dini azlığın mövcudluğuna, onun öz adət-ənənəsinə uyğun yaşamasına şərait yaradılır. Azərbaycanı fərqləndirən xüsusiyyətlərdən biri odur ki, azlıqların nümayəndələrinin öz adətlərinə uyğun yaşamasına şərait yaradılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti tərəfindən dini icmalara vəsait ayrılıb. Dinlər və təriqətlər arasında fərq qoyulmur. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib. Milli Tolerantlıq Mərkəzi, Multikulturalizm Mərkəzi yaradılıb. Heydər Əliyev Fondu Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda tolerantlığı təbliğ edir”.

B.Muradova isə bildirib ki, Azərbaycanda yaşayan dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir: “Hər dinin nümayəndələrinin öz yeri var. Azərbaycan dini, etnik, mədəni, siyasi və elmi sahədə tolerantlıq baxımından bir nümunədir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Azərbaycanın qanunlarında, Konstitusiyasında da bu məsələyə yer ayrılıb. Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir”.

Dəyirmi masa iştirakçıların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR