Dövlət Baytarlıq Xidmətinə dəstək tvinninq layihəsi başa çatıb

Dövlət Baytarlıq Xidmətinə dəstək tvinninq layihəsi başa çatıb
# 06 mart 2013 14:40 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Dövlət Baytarlıq Xidmətinə Heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı Milli Sisteminin hazırlanmasına dəstək” adlı tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən kənd təsərrüfatı naziri cənab İsmət Abasov aqrar sahədə əldə olunan nailiyyətlərdən, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan məlumat verərək, beynəlxalq qurumlarla əlaqəli fəaliyyətdən danışıb. O, Avropa İttifaqı tərəfindən Azərbaycanda həyata keçirilən layihələri yüksək qiymətləndirib və bu tendensiyanın davamlı olmasını məqsədəuyğun hesab edib.

Nazir qeyd edib ki, Prezident tərəfindən imzalanmış "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq digər sahələrlə yanaşı, aqrar bölmənin bir sahəsi olan baytarlıq xidmətinin səmərəliliyinin artırılması da nəzərdə tutulub: “Baytarlıq sahəsinin inkişaf etdirilməsində əsas tədbirlərdən ən başlıcası heyvanların identifikasiyası, təsərrüfatların qeydiyyatı, heyvan xəstəliklərinin izlənməsi vacib amillərdəndir. Kənd Təsərrüfatı Nazirliyinin problem məsələlərindən biri də kənd təsərrüfatı heyvanlarının nömrələnmə sisteminin olmamasıdır. Bu sistemin Azərbaycanda olmaması heyvan xəstəlikləri ilə mübarizəmizi daima çətinləşdirir, hətta Avropaya təmiz qanlı atların çıxarılmasında, sözün əsl mənasında, qarşımızda maneələr törədiyini bildirdir”.

Nazir vurğulayıb ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə 2011-ci ilin aprel ayından “Dövlət Baytarlıq Xidmətinə Heyvanların İdentifikasiyası və Təsərrüfatların Qeydiyyatı Milli Sisteminin Hazırlanmasına dəstək” adlı tvinninq layihəsi həyata keçirilir. Layihənin məqsədi sanitar və fıto-sanitar sektorların islahatları və müasirləşdirilməsi ilə istehlakçılar üçün ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ticarətin asanlaşdırılmasını təmin etmək, eləcə də heyvanların identifikasiyası və axtarış sisteminin hazırlanmasına xüsusi yardım göstərməklə, ümumilikdə baytarlıq xidmətinin gücləndirilməsindən ibarətdir: “Layihə çərçivəsində 4 komponent üzrə 26 fəaliyyət həyata keçirilib. Adi çəkilən fəaliyyətlər Bakı, Gəncə və Naxçıvan şəhərlərində tətbiq olunub”.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri, səfir Roland Kobia, Polşanın Azərbaycandakı səfirinin müavini Anderzej Kneifel Azərbaycanla gələcək əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəklərini bildiriblər. Eləcə də vurğulanıb ki, bu layihə Azərbaycanda uğurla həyata keçiriləcək, ölkənin iqtisadi gələcəyinə, Avropa İttifaqının standartlarına uyğun bol məhsul istehsalına və ərzaq təhlükəsizliyinin etibarlı təminatına böyük töhfələr verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR