ABŞ və Böyük Britaniya arasında Ukraynadakı müharibə və Vaşinqtonun İrana qarşı mümkün yeni hərbi əməliyyatları ilə bağlı fikir ayrılıqları yaranıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 23-də Böyük Britaniyanın Baş naziri Endi Börnemlə telefon danışığı aparıb.
Tramp tərəflərin beynəlxalq münaqişələrə qısa şəkildə toxunduqlarını açıqlasa da, söhbətin təfərrüatlarını bölüşməyib.
Agentliyin məlumatına görə, Britaniya rəsmiləri ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata hazırlaşa biləcəyindən narahatdırlar. Onlar hesab edirlər ki, belə addım enerji daşıyıcılarının tədarükünü daha da çətinləşdirə və inflyasiya təzyiqlərini artıra bilər.
Mənbələrin sözlərinə görə, London administrasiyası İran məsələsinin hərbi deyil, diplomatik yollarla həllinə üstünlük verir.
Nəşr qeyd edib ki, Tramp ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərindən sonra Yaxın Şərqdə yeni hərbi əməliyyatların mümkünlüyünə işarə edib.
Bununla yanaşı, Böyük Britaniya Ukrayna məsələsində də Vaşinqtonun mövqeyinə təsir göstərməyə çalışır. London administrasiyası ABŞ-ın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt mövqe tutmamasını istəyir.