Azərbaycanda 70-ə yaxın Estoniya şirkəti fəaliyyət göstərir və onlardan 48-i aktiv fəaliyyətdədir.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.
“Hökumətlərarası Komissiyanın iclasında geniş və ətraflı müzakirələr aparılıb. Ticarət, təhsil, enerji, nəqliyyat və innovasiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Bərpaolunan enerji sahəsi isə əməkdaşlığın inkişafı baxımından xüsusilə perspektivli istiqamət kimi qeyd edilib. İqtisadi-ticarət əlaqələri ilə bağlı məsələlərin müzakirəsi zamanı Estoniyanın xarici işlər nazirinə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və strateji əməkdaşlığı barədə ətraflı məlumat verdim. Xüsusilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu diqqətə çatdırdım. Həmçinin, Avropa İttifaqının dəstəyi ilə və üzv ölkələrlə birlikdə alternativ və yaşıl enerji sahəsində həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, - XİN rəhbəri vurğulayıb.