AMEA: Doktoranturaya qəbul və doktorluq imtahanları zamanı yeni tələblər bütün doktorant və dissertantlara şamil edilib

AMEA: Doktoranturaya qəbul və doktorluq imtahanları zamanı yeni tələblər bütün doktorant və dissertantlara şamil edilib
# 17 mart 2015 13:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul və doktorluq imtahanları zamanı tətbiq ediləcək yeni tələblər hazırda təhsil alan bütün doktorant və dissertantlara şamil olunub.

APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, AMEA hər bir doktorant üçün 1 dəfə qəbul imtahanının, 1 dəfə doktorluq imtahanının ödənişini öz öhdəsinə götürəcək.

Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə akademiyada doktoranturaya qəbul və doktorluq imtahanlarında xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün yeni tələblər müəyyən edilib. Qərara əsasən doktoranturaya qəbul zamanı iddiaçı ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal toplaması barədə sertifikat, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir. Digər xarici dillərdən imtahan verənlər üçün müəyyən edilmiş qaydalar tətbiq ediləcək.

Qeyd edək ki, bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə tapşırılıb. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR