Daxili Qoşunların komandanı gənc əsgərlərlə görüşüb

Daxili Qoşunların komandanı gənc əsgərlərlə görüşüb
# 03 noyabr 2014 07:29 (UTC +04:00)

Daxili Qoşunların komandanı gənc əsgərlərlə görüşüb

Bakı. Rəşad Süleymanov - APA. Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi hissədə gənc əsgərlərlə görüşən Daxili Qoşunların komandanı qeyd edib ki, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun peşəkarlığının, döyüş qabiliyyətinin yüksək olmasına hər zaman diqqət yetirir. Bu gün Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bütün hərbi hissələrdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var.

Ölkə rəhbərinin fikirlərini əsgərlərin xidmətinə verilən ən yüksək dəyər kimi diqqətə çatdıran general-mayor Ş.Məmmədov əminliklə bildirib ki, bu gün gənc əsgər kimi Daxili Qoşunların sıralarına daxil olan hərbi qulluqçular xidmət dövründə öyrəndikləri hərbi bilikləri, qazandıqları təcrübəni dövlətimizin daha da qüdrətlənməsinə, güclənməsinə yönəldəcək, Vətənə layiqli övlad olacaqlar. Ş.Məmmədov əsgər həyatının özünəməxsus çətinliklərindən bəhs edib: «Vətənini, dövlətini ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək, xalqımızın və Silahlı Qüvvələrin Ali Baş Komandanının etimadını doğruldacaq».

Çıxışdan sonra gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, prezident İlham Əliyevin sərəncamına uyğun olaraq oktyabrın 30-da Azərbaycanın müvafiq yaş kateqoriyasına aid vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə qəbulu başa çatıb. Sərəncamdan irəli gələn tələblər daxili işlər nazirinin və Daxili Qoşunlar Komandanlığının ciddi nəzarəti altında həyata keçirilib. Daxili Qoşunlar komandanının müvafiq tapşırığına əsasən, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və təlim-tədrisinin təşkili prosesində iştirak edən və bu sahəyə cavabdeh vəzifəli şəxslər tərəfindən müvafiq tədbirlərin yerinə yetirilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR