İsrailin baş naziri Türkiyədən üzr istəməsini Suriya təhdidi ilə izah edib

 İsrailin baş naziri Türkiyədən üzr istəməsini Suriya təhdidi ilə izah edib
# 24 mart 2013 01:58 (UTC +04:00)

Bakı-APA. İsrailin baş naziri Binyamin Netanyahu Türkiyədən üzr istəməsi və ikitərəfli münasibətlərin normallaşması ilə bağlı qərarını Suriyadakı böhranın dərinləşməsi ilə və bu ölkədən gələn təhdidlərə reaksiya vermək üçün müttəfiqə olan tələbatın olması ilə izah edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu martın 22-də Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana zəng edərək, 2010-cu ildə “Azadlıq donanması”na (“Mavi Mərmərə”) silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi üzr istəyib. Rəsmi üzrxahlıqla yanaşı, B. Netanyahu İsrail xüsusi təyinatlılarının hücumu zamanı öldürülmüş Türkiyə vətəndaşlarının doğmalarına və yaxınlarına təzminat ödəməyə hazır olduqlarını da bildirib. Söhbət zamanı tərəflər iki ölkə arasında münasibətlərin normallaşmasına, o cümlədən səfirlərin qaytarılmasına dair razılaşma əldə ediblər.

“Suriyadakı böhranın getdikcə dərinləşməsi qərarın qəbul edilməsində əsas səbəb olub... Suriya ilə həmsərhəd olan Türkiyə və İsrail əməkdaşlıq etməlidir və regionda digər təhdidlərə qarşı birgə addım atmalıdır”, deyə Netanyahu “Facebook” səhifəsində qeyd edib.

O qeyd edib ki, ölkənin şimal sərhədlərində “Əl Qaidə” ilə əlaqəli islamçı qruplaşmaların meydana çıxması və Suriya ordusunun kimyəvi silahlarının terrorçuların əlinə keçə bilməsi ehtimalı İsraili daha çox narahat edən məsələlərdən biridir.

Qeyd edək ki, iki dövlətin baş nazirləri arasında telefon danışığı ABŞ prezidenti Barak Obamanın İsrailə rəsmi səfərinin yekunlaşmasından öncə baş verib və məhz Barak Obama birinci olaraq baş tutmuş söhbət barədə xəbərt verib. O Amerikanın regiondakı iki mühüm tərəfdaşı arasında münasibətlərin bərpa olunmasına böyük ümid bəslədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR