Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası keçiriləcək

Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası keçiriləcək
# 11 aprel 2013 09:39 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bu il dekabrın 2-8-də Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın təşkilati məsələlərini müzakirə etmək üçün UNESCO Katibliyinin nümayəndə heyəti Bakıya gəlib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətini qəbul edib. Görüş zamanı UNESCO və Azərbaycan arasında əməkdaşlığın genişlənməsi və qeyri-maddi mədəni irs sahəsində həyata keçirilən birgə layihələr müsbət dəyərləndirilib.

Görüşdə həmçinin nazirliyin işçi qrupunun iştirakı və Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək UNESCO-nun Hökumətlərarası Komitəsinin 8-ci iclasının müvafiq prosedur qaydaları müzakirə olunub. Qonaqlar həmçinin Komitənin iclasının keçiriləcəyi yerə, o cümlədən tədbir zamanı ölkəyə gələcək nümayəndə heyətlərinin yerləşdiriləcəyi mehmanxanalara baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR