Azərbaycan dizel yanacağının ixracını kəskin artırıb

Azərbaycan dizel yanacağının ixracını kəskin artırıb
# 02 sentyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) avqust ayı üzrə neft məhsulları ixracının həcmini açıqlayıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ötən ay ərzində 59 ton avtomobil benzini ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 dəfə azdır.

Ötən ay 101 376 ton dizel yanacağı ixrac edilib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 61,5% çoxdur. Avqust ayında 5,4 dəfə çox və ya 19 933 ton təyyarə yanacağı ixrac edilib. Eyni zamanda ARDNŞ ötən ay 239 ton soba mazutu və 70 452 ton vakuum qazoylu ixrac edib.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində 745 ton avtomobil benzini ixrac edilib ki, bu da ötən ayın 8 ayı ilə müqayisədə 18,5 dəfə azdır. Bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% az və 629 606 ton dizel yanacağı, 31,3% çox və ya 119 715 ton təyyarə yanacağı ixrac edilib. Bu ilin yanvar-avqust aylarında 417 ton soba mazutu və 285 882 ton vakuum qazoylu ixrac edilib.

Bu ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 938,29 ABŞ dolları, təyyarə yanacağının - 926,29 dollar, dizel yanacağının - 863,44 dollar, 1% kükürdlü mazutun qiyməti 573,96 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR