Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydası təsdiqlənib

Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydası təsdiqlənib
# 02 may 2024 10:18 (UTC +04:00)

“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, Energetika Nazirliyi enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahları altı ay müddətində təsdiq etməli, hesabat formalarının və metodoloji izahların, habelə hər il “Azərbaycan Respublikasının enerji balansı”nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də daxil olmaqla daimi fəaliyyət göstərən İşçi qrupun yaradılmasını və onun fəaliyyətinin əlaqələndirilməsini təmin etməli, rəsmi internet səhifəsində “Azərbaycan Respublikasının enerji balansı” adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının on ay müddətində yaradılmasını təmin etməli, ölkədə istehsal (tədarük) olunan enerji və yanacaq növlərinin istiliktörətmə qabiliyyəti üzrə göstəricilərini müəyyən edərək, “Enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsalları”nı səkkiz ay müddətində təsdiq etsin və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi müvafiq maliyyə vəsaitinin ayrılması üçün zəruri tədbirlər görməli, Dövlət Statistika Komitəsi rəsmi statistika məqsədləri üçün ölkə üzrə enerji balansının beynəlxalq metodologiyalara uyğun olaraq hər il iyul ayının sonunadək tərtib edilməsini və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Qaydaya əsasən, enerji balansı energetika subyektlərindən alınan məlumatlar (enerjinin istehsalı həcmləri, enerjinin təchizatı üzrə öhdəliklər, habelə enerjinin istehlakına dair məlumatlar) əsasında Energetika Nazirliyi tərəfindən tərtib edilir. Enerji balansı bu Qaydanın əlavəsində göstərilən struktura uyğun əvvəlki iki ilin faktiki, cari ilin gözlənilən, növbəti ilin illik, rüblük və hər sonrakı üç ilin illik proqnoz göstəriciləri əsasında tərtib edilir. Enerji balansı tərtib edilərkən enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsallarına istinad olunur. Enerji balansının tərtib edilməsi üçün nəzərdə tutulan məlumatları təqdim etməli olan energetika subyektlərinin (bundan sonra – subyektlər) siyahısı Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən Nazirlikdə yaradılan İşçi qrup (İşçi qrup) tərəfindən müəyyən edilir.

Subyektlər növbəti il üçün neft, təbii qaz, elektrik və istilik enerjisi üzrə itki və texnoloji sərf normalarını (%-lə), elektrik stansiyaları üzrə ayrı-ayrılıqda olmaqla elektrik enerjisinin istehsalı və xüsusi sərfiyyatı, habelə elektrik və istilik enerjisinin buraxılışı üzrə şərti yanacağın xüsusi sərfinin (qram/kilovattsaat və kiloqram/ qiqakalori ifadələri ilə) və gücdən istifadə əmsalının (%-lə) göstəricilərini hər il mart ayının 15-dək Nazirliyə təqdim edir. Nazirlik həmin məlumatlar əsasında növbəti il üçün normaları mart ayının sonunadək təsdiq edir. Subyektlər hər il aprel ayının 15-dək enerji balansının tərtib edilməsi üçün nəzərdə tutulan məlumatları Nazirlik tərəfindən təsdiq edilən hesabat formalarına uyğun olaraq Nazirliyə təqdim edir. Subyektlər məlumatları bu Qayda ilə müəyyən edilən müddətdə və düzgün təqdim etməlidirlər. Subyektlərin təqdim etdiyi məlumatlar İşçi qrup tərəfindən təhlil olunur və müvafiq düzəlişlərin edilməsi zərurəti yarandıqda, həmin məlumatlar İşçi qrupun rəyi əlavə olunaraq hər il may ayının 1-dək subyektlərə qaytarılır. İşçi qrupun rəyi nəzərə alınmaqla, subyektlər tərəfindən dəqiqləşdirilən məlumatlar hər il may ayının 15-dək yenidən Nazirliyə təqdim edilir. Nazirlik tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib olunur, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Təqdim edilmiş enerji balansının layihəsi noyabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Nazirlik tərəfindən rəsmi internet səhifəsində məhdud giriş imkanlarına malik “Azərbaycan Respublikasının enerji balansı” elektron məlumat yerləşdirilir. Enerji resurslarının hərəkəti və qiymətlərində əhəmiyyətli dəyişikliklər baş verdiyi təqdirdə enerji balansının proqnoz göstəricilərinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər subyektlər tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 10 (on) gün müddətində Nazirliyə, Nazirlik tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 30 (otuz) gün müddətində İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim edilir.

​​​​​​​Enerji balansının icrasına nəzarət İşçi qrup tərəfindən həyata keçirilir. İşçi qrup subyektlər tərəfindən hesabatların bu Qaydaya uyğun olaraq təqdim edilməsinə, eləcə də proqnozların icrasına nəzarət edir. Subyektlər tərəfindən enerji balansı üzrə cari ilin faktiki göstəriciləri növbəti ilin mart ayının 1-dək real vaxt rejimində məlumat bazasına daxil edilir. Nazirlik tərəfindən növbəti ilin aprel ayının 1-dək enerji balansı üzrə cari ilin gözlənilən göstəriciləri faktiki göstəricilərlə əvəz edilir və məlumat bazasında yerləşdirilir. Təsdiq edilmiş enerji balansının icrası barədə rüblük məlumatlar subyektlər tərəfindən hər rübdən sonrakı ayın 20-dək real vaxt rejimində məlumat bazasına daxil edilir. Rüblük məlumatda enerji balansının faktiki göstəricisi proqnoz göstəricisindən 10 faizdən çox kənarlaşma olduğu halda rüblük məlumata bu kənarlaşma üzrə arayış əlavə edilir. İşçi qrup tərəfindən enerji balansının icrası barədə məlumatların təhlili, qiymətləndirilməsi aparılır, bu barədə rüblük (o cümlədən artan yekunla) arayışlar hazırlanaraq birinci rübün nəticələri üzrə cari ilin may ayının 15-dək, ikinci rübün nəticələri üzrə cari ilin avqust ayının 15-dək, üçüncü rübün nəticələri üzrə cari ilin noyabr ayının 15-dək, dördüncü rübün nəticələri üzrə isə növbəti ilin mart ayının 15-dək məlumat bazasında yerləşdirilir. Arayışlar əsasında enerji balansının cari il üzrə icra vəziyyəti haqqında (ayrı-ayrı subyektlər üzrə məlumatlar da daxil edilməklə) hesabatı növbəti ilin mart ayının 25-dək Nazirlər Kabinetinə təqdim edir. Nazirlik Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyə- tinin, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin və subyektlərin məlumat bazasına real vaxt rejimində çıxışını təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR