Bakıda səfərdə olan İsrail jurnalistləri Azərbaycanın təhlükəsizlik problemləri ilə maraqlanıblar - FOTO

Bakıda səfərdə olan İsrail jurnalistləri Azərbaycanın təhlükəsizlik problemləri ilə maraqlanıblar - <span style="color: red;">FOTO
# 15 aprel 2013 10:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində Bakıda səfərdə olan İsrailin media nümayəndələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, israilli jurnalistləri azərbaycanlı deputatlar Fuad Muradov, Cavanşir Feyziyev və Rasim Musabəyov qarşılayıb.

İsrailli jurnalistlər Azərbaycan və İsrail arasında əlaqələrin inkişafı, Tel-Əvivdə Azərbaycan səfirliyinin açılması, hərbi, səhiyyə, turizm və mədəniyyət sahələrində əməkdaşlıq, eləcə də Azərbaycanın təhlükəsizliyinin qorunması ilə bağlı məsələlərə aydınlıq gətirilməsini azərbaycanlı deputatlardan xahiş ediblər. Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvü Rasim Musabəyov cavab olaraq bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılmamasının bir sıra səbəbləri var: “Bu gün Azərbaycanla İsrail arasında hərbi sahədə, eləcə də iqtisadi sahədə geniş əməkdaşlıq var. Hesab edirik ki, orada səfirliyin, heç olmasa İsraildə yaşayan 100 mindən çox Azərbaycan əsilli yəhudinin olmasını nəzərə alaraq konsulluğun açılması lazımdır. Artıq bunun zamanı yetişib və ümid edirik ki yaxın zamanlarda bu məsələ həllini tapacaq”.

R. Musabəyov Azərbaycanın təhlükəsizlik problemləri ilə bağlı suala cavab olaraq deyib ki, bir neçə dəfə erməni terrorçuları Bakıda və bölgələrdə terror aktları törədib: “Lakin indi Azərbaycanın təhlükəsizlik orqanları bu məsələdə daha aktivdirlər”.

İsrailli jurnalist Yossi Zilberman əhalisinin çox hissəsinin müsəlman olmasına, qonşularının təzyiqinə baxmayaraq, Azərbaycanın İsraillə əlaqələr qurmasını yüksək qiymətləndirdiklərini və bunun Azərbaycan üçün hansı çətinliklər bahasına başa gəldiyini anladıqlarını söyləyib. Azərbaycanlı deputatlar isə qeyd ediblər ki, əhalisinin çox hissəsi müsəlman olsa da, Azərbaycan dünyəvi dövlətdir, ölkədə din dövlətdən ayrıdır. Onların sözlərinə görə, bütün təzyiqlərə baxmayaraq, İsrail-Azərbaycan əlaqələri o dərəcədə inkişaf edib ki, İsrailin neft tələbatının 40 faizini Azərbaycan təmin edir.

Görüş iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı sual-cavab formasında davam edib.

Xatırladaq ki, nümayəndə heyətində İsrailin “Qlobus” qəzetinin , “Kanal 7” televiziyasının, “İsrael Beiteinu” agentliyinin, “Radio Kolreqa“, “Radio Galei Tzahal” və s. media orqanlarının nümayəndələri təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR