Yunanıstanın xarici işlər naziri: “Hesab edirəm ki, TAP həm Yunanıstan, həm Azərbaycan üçün uduşlu layihədir” - MÜSAHİBƏ - EKSKLÜZİV

Yunanıstanın xarici işlər naziri: “Hesab edirəm ki, TAP həm Yunanıstan, həm Azərbaycan üçün uduşlu layihədir”  - <span style="color: red;">MÜSAHİBƏ - EKSKLÜZİV
# 26 aprel 2013 11:58 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Aprelin 29-30-da Azərbaycanda rəsmi səfərdə olacaq Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulosun APA-ya müsahibəsi

- Cənab nazir, Azərbaycana bu səfərinizdən nə gözləyirsiniz?

- İlk növbədə Bakı kimi parlaq bir şəhərə qayıtmaq böyük şərəfdir. Mən 2005-ci ildə Yunanıstanın turizm naziri qismində burada olmuşam. Ölkənizin son illər ərzində bir çox sahələrdə nail olduğu uğurları müşahidə etmək çox gözəldir. Bundan başqa əvvəllər Nyu-York və Münhendə görüşdüyüm həmkarım Elmar Məmmədyarovla yenidən bir araya gəlmək mənim üçün böyük məmnunluq hissi doğuracaq. Bundan başqa köhnə dostum, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşəcəyəm. Ölkənin rəhbər şəxsləri ilə görüşmək mənim üçün böyük şərəf olacaq. İnanıram ki, bu səfər hazırda ən yüksək səviyyədə olan, dostluğa, qarşılıqlı etimada və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əla imkan yaradacaq. Səfər zamanı biz artıq uzun illərdir xalqlarımızın rifahı naminə apardığımız mühüm siyasi dialoqu davam etdirəcəyik. Gündəlikdə duran mühüm məsələlərdən biri 2014-cü ilin ilk yarısında Yunanıstanın Avropa Birliyinə sədrliyi məsələsi olacaq. Həmkarım Elmar Məmmədyarova prioritetlərimiz barədə danışacağam. Mən Yunanıstanın AB-yə sədrliyindən Azərbaycan-AB münasibətlərinin daha da inkişaf etdirilməsi üçün istifadə etmək istərdim.

- Azərbaycanla Yunanıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün hansı sənəd və sazişlərin imzalanmasına ehtiyac duyulur?

- Düşünürəm ki, Yunanıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin institusional çərçivəsi kifayət qədər genişdir. Biz artıq investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergi tutmanın aradan qaldırılması barədə saziş imzalamışıq. Bu saziş həm iqtisadi inkişaf üçün güclü təməl rolunu oynayır, həm də biz qarşılıqlı investisiya qoyuluşunun reallaşdırılmasını asanlaşdırmış oluruq. Əlbəttə, qarışlıqlı münasibətlərin inkişafına ehtiyac duyulan sahələr həmişə olur və biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Lakin düşünürəm ki, hazırda əsas ağırlıq mövcud olan sazişlərin reallaşdırılması üzərinə salınmalıdır.

- Məlumdur ki, Yunanıstan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəkləyir. Lakin ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması istiqamətində fəaliyyəti heç bir nəticə vermir. Avropa Birliyi münaqişənin nizamlanması prosesində effektli vasitəçi ola bilərmi?

- Münaqişələrin sülh yolu ilə, beynəlxalq hüquq və milli suverenlik prinsipləri əsasında həlli həm Yunanıstanın xarici siyasətinin fundamental prinsipidir. Yunanıstan həm də ATƏT-in üzvüdür və əlbəttə ki, biz Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəf üçün məqbul sayılacaq həll yolunun tapılmasına yönəlmiş səylərini dəstəkləyirik. Ən mühüm məsələ iradədir, münaqişəyə cəlb olunmuş tərəflərin siyasi iradəsidir. Əgər siyasi iradə olsa, dialoq və danışıqlar nəticə verəcək.

- Energetika sahəsində ikitərəfli əməkdaşlıq perspektivlərini necə dəyərləndirirsiniz?

- Yunanıstan Azərbaycana ən yaxın yerləşən Avropa Birliyi ölkəsidir. Yunanıstan hamıdan yaxındır və Azərbaycanın Avropa bazarlarına ən yaxın pəncərəsidir. Biz sizinlə birgə işləmək istəyirik və Azərbaycan artıq Türkiyə ərazisindən keçməklə Yunanıstana qaz ixrac edir. Biz bu sahədə əməkdaşlığı genişləndirmək istərdik. Əsasən də bunu Trans Adriatik boru kəməri vasitəsilə həyata keçirməyi planlaşdırırıq. Bu layihə əsasında Azərbaycan qazı Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropa bazarlarına daxil olacaq və nəql yolunda Cənubi Avropa bazarını qazla təmin edəcək. Bu boru kəməri ilə bağlı qərarın verilməsi şirkətlərdən asılıdır. Yunanıstan və ölkəmizin layihə üzrə regional tərəfdaşları olan İtaliya və Albaniya arasında TAP layihəsinə tam dəstəyə qarantiya verən üçtərəfli əməkdaşlıq mövcuddur. Bu saziş Yunanıstan parlamenti tərəfindən ratifikasiya olunub. Hazırda hər şey “Şahdəniz” konsorsiumundan asılıdır. Düşünürəm ki, TAP maliyyə baxımından həyati qabiliyyətli, həm Yunanıstan, həm də Azərbaycan üçün, hər iki ölkənin iqtisadiyyatı, xalqları üçün uduşlu layihədir.

- Azərbaycanda həyata keçirmək istədiyiniz maraqlı turizm layihələri varmı?

- Azərbaycan hökumətinin son illər turizmin inkişafı üçün göstərdiyi səylər barədə geniş məlumatım var. Azərbaycan turistlərə çox şey təklif edə bilər: parlaq mədəniyyət, fəxr oluna biləcək tarix. Digər tərəfdən Yunanıstanın turizm sahəsində kifayət qədər böyük təcrübəsi var. Biz ölkə iqtisadiyyatının ikinci ən böyük sahəsi sayılan turizm sektorunu hələ 60 il əvvəl inkişaf etdirməyə başlamışıq. Azərbaycan və Yunanıstan bu sahədə əməkdaşlıq etməyə ideal səviyyədə hazırdır. Bir ay sonra – mayın 28-də Afinadan Bakıya ilk birbaşa aviareys açılacaq. Bildiyiniz kimi, birbaşa nəqliyyat - hər iki tərəfdən turizm axınını stimullaşdırmaq üçün əsasdır. Eyni zamanda Yunanıstanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinə təlimat verilib ki, Azərbaycan vətəndaşları üçün ölkəmizə viza almaq prosesi mümkün qədər sadə olmalıdır. Əbülfəs Qarayevlə görüşüm zamanı mən əsası 8 il əvvəl qoyulmuş turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətimi bir daha ifadə edəcəyəm.

- Yunanıstanda mövcud sosial-iqtisadi durumu necə dəyərləndirirsiniz? Böhrandan hansı təcrübə qazana bildiniz?

- Çox şadam ki, Yunanıstan iqtisadiyyatı bərpa yolundadır. Belə məlumatlar var ki, 2013-cü il reçessiyanın son ili olacaq və biz 2014-cü ildən inkişaf müşahidə edə bilərik. Lakin biz bu vəziyyətə necə gəlib çıxdıq? Avropadakı tərəfdaşlarımızdan, Avrozonadakı tərəfdaşlarımızdan dəstək və həmrəylik gördük. Biz özündə təkcə sərt iqtisadi tədbirləri deyil, uzunmüddətli vergi və struktur islahatlarını nəzərdə tutan geniş iqtisadi kökləmə proqramı reallaşdırırıq. Yunan xalqı böhrana qarşı dayanmaq üçün mümkün olan hər şeyi edib. Biz böhranın qızğın dövründə çiynimizdə ağır yük daşımışıq, indiki koalisiya hökumətinə güclü mandat vermişik. Bu mandat bizim Avrozonadakı yerimizi təmin edir və Yunanıstanı dünya iqtisadiyyatına rəqabətə davamlı gücə çevirir.

Hansı təcrübə topladıq? Səmimi olmaq lazımdır, düşünmürəm ki, Yunanıstanda böhranın toxunmadığı hansısa sahə olsun. Hər bir şəxs fəaliyyət növündən asılı olmayaraq öz prioritetlərinə, meyllərinə, münasibətlərinə - öz gələcəyinə yenidən baxmalı oldu. Bu, çətin yol idi, bu prosesdən keçməklə biz daha güclü və rəqabətə davamlı Yunanıstanın əsasını qoyuruq. Biz xarici işlər naziri kimi mən də bu böhrandan keçməli oldum və anladım ki, böhran tərəfdaşlarla, qonşu ölkələrlə, geosiyasi ətrafla münasibətlərə necə təsir göstərir. Biz bütün qonşu dövlətlərlə əməkdaşlıq edirik. Biz Cənubi Avropadakı qonşularımızı yenidən Avropa perspektivlərini bəyan etməyə çağırırıq. Biz Şərqi Aralıq dənizi bölgəsində gərginliyin azaldılması təşəbbüslərinə qayıdırıq. Yunanıstan stabil dövlət və qonşuları arasında stabilləşdirici güc olaraq qalmaqda davam edir. İstənilən halda, böhran bu rolu oynamağı bizim üçün həmişəkindən daha çox vacib etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR