Ötən ay Azərbaycanda Böyük Qafqazdakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunub

Ötən ay Azərbaycanda Böyük Qafqazdakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunub
# 01 iyul 2015 10:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “İyun ayında Şamaxı rayonunun Muğanlı sürüşmə sahəsində qismən aktivləşmə qeydə alınıb. Sürüşmə kütləsinin üzərindəki cüzi çatlarda genişlənmə baş verib. Habelə Bakı-Ağsu magistral avtomobil yolunun 132 və 156-cı kilometrliklərindəki sürüşmə sahələrində də müəyyən aktivləşmə müşahidə olunub və nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə. Piriyev bildirib ki, Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2, 11, 23, 24, 27 və 29-cu kilometrliklərində ağır tonnajlı maşınların hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmə sahələrində mövcud çatlar genişlənib: “Muğanlı-İsmayıllı avtomobil yolunun 23-24-cü kilometrliyində 0,8-1,3 santimetr enində hərəkət müşahidə olunub”.

Baş geoloq əlavə edib ki, ötən ay İsmayıllı rayonunun Xankəndi sahəsində növbəti dəfə sürüşmə baş verib: “Həmin sürüşmə sahəsi pilləvarı formadadır. Pillələr üzrə qırılmanın hündürlüyü 1,5-5,5 metrə çatır. Sahədə müxtəlif istiqamətlərdə bir-birindən 0,5-2,5 metr məsafədə olan çat sistemi üzərindəki kütlə mürəkkəbləşib. Sürüşmənin dil hissəsində 2,2-4 metr hündürlüyündə bir neçə sahədə qabarmalar əmələ gəlib. Hələlik isə aktivləşmə müşahidə olunmur”.

Ə. Piriyev qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələrində ötən ay heç bir aktivləşmə qeydə alınmayıb: “Habelə Lerik, Lənkəran, Masallı, Cəlilabaddakı sürüşmə sahələrində də sakitlikdir. Ötən ay əsasən, Böyük Qafqazdakı sürüşmə sahələrində müəyyən qədər aktivləşmə qeydə alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR