“Sumqayıt” klubunun baş məşqçisi cəzalandırılıb

“Sumqayıt” klubunun baş məşqçisi cəzalandırılıb
# 28 oktyabr 2014 10:14 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/16 final mərhələsi və Topaz Premyer Liqasının IX turunda baş verənlər müzakirə olunub.

Kubokun MOİK – “Lokomotiv” meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Qaradağ Lökbatan”la qarşılaşmanın 55-ci dəqiqəsində “Zirə”nin meydandan qovulan futbolçusu Tural Adıgözəlovun cəriməsi daha çox olub – 200 manat. Futbolçunun özü isə 3 oyunluq cəza alıb.

Çempionatın AZAL-la oyununda “Bakı”nın meydan qovulan futbolçusu Vüqar Bəybalayev 1 matçlıq cəzalanıb və klubunu 200 manat ziyana salıb.

“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədovun cəzası ağır olub. “Qəbələ” – “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlədən çalışdırıcı 2000 manat ödəməli olacaq.

“Neftçi” – “İnter” matçının 61-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat xərcə düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR