Azərbaycan prezidenti Nodar Şaşıqoğlunun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti Nodar Şaşıqoğlunun vəfatı ilə əlaqədar başsağlığı verib
# 12 aprel 2013 16:57 (UTC +04:00)

Başsağlığında deyilir: Azərbaycan mədəniyyətinə ağır itki üz veriB. Azərbaycanın teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın xalq artisti Nodar Şaşıqoğlu 2013-cü il aprelin 12-də ömrünün 87-ci ilində vəfat edib.

Nodar Şaşıqoğlu 1927-ci il mart ayının 10-da Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945-1950-ci illərdə Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.

Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950-1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957-1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962-1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub.

1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı, o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981-1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.

Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb.

Nodar Şaşıqoğlunun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri var. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.

“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. “Uzaq sahillərdə” filmində Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazı isə sənətkarın yaradıcılığının parlaq hadisələrindəndir. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülüb. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub.

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış kino və teatr aktyoru, unudulmaz sənətkar və səmimi insan Nodar Şaşıqoğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Azər Paşa Neymətov

Şəfiqə Məmmədova

Eldar Quliyev

Cənnət Səlimova

Aleksandr Şarovski

Məbud Məhərrəmov

Səfa Mirzəhəsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR