ADU-da “Milli-mədəni irsimizi qoruyaq” adlı altıncı əl işləri sərgisi keçirilib

ADU-da “Milli-mədəni irsimizi qoruyaq” adlı altıncı əl işləri sərgisi keçirilib
# 04 mart 2013 08:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində Folklor mərkəzinin müdiri Rəna Salehovanın təşkilatçılığı ilə “Milli-mədəni irsimizi qoruyaq” adlı ənənəvi əl işləri sərgisi keçirilib.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə Zəngilan orta məktəbinin şagirdləri, bacarıqlı xanımlar özlərinin düzəltdikləri, Azərbaycanın milli, qədim atributlarını əks etdirdikləri əl işlərini nümayiş etdiriblər.

Sərgidə iştirak edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib. Rektor qeyd edib ki, Azərbaycanda bu işlə maraqlanan insanların cəlb olunmasında, istedadlı insanların əl işlərini təqdim etməsində İRK-nın müdiri Şəhla Xudiyeva və mərkəzin müdiri Rəna Salehovanın böyük rolu var.

Rəna Salehova çıxışında sərginin 2009-cu ildən etibarən hər il 8 mart və Novruz bayramı ərəfələrində baş tutduğunu və sərginin milli-mədəni irsi qorumaq, istedadlı insanları üzə çıxarmaq və onlar üçün imkanlar yaratmaq məqsədi daşığını xatırladıb. R.Salehova təşkil olunmuş sərginin təhsilə də böyük töhfəsi olduğunu qeyd edib.

Universitetin məzunu, Milli Məclisin deputatı Cavanşir Feyziyev ADU-nun həmişə bir çox təşəbbüslərin novatoru olduğunu söyləyib.

“Zirvə” Ziyalılar Təşkilatının prezidenti, rəssam Minayə Dəyanət “Azərbaycan xalqının milli-mənəvi, mədəniyyət, incəsənətinin qorunması, təbliğatı və inkişafı yolunda hər il Azərbaycan Dillər Universitetinin kollektivi tərəfindən yüksək səviyyədə təşkil olunmuş qadın sənətkarlarının əl işlərindən ibarət sərgilərdə göstərdikləri müstəsna xidmətlərinə görə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva, İRK-nın Folkor mərkəzinin direktoru Rəna Salehovaya diplom təqdim edib.

Daha sonra qonaqlar sərgidə nümayiş olunan əl işləri ilə tanış olublar.

Qeyd edək ki, sərgidə müxtəlif materiallardan hazırlanmış əl işləri olan bəzək əşyaları, rəsmlər, milli geyimlər, çantalar, suvenir xalçalar və s. nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR