Ankara Polis Akademiyası və Rusiya DİN-in xüsusi ali təhsil müəssisələrini bitirmiş məzunlar vəzifələrə təyin olunublar

Ankara Polis Akademiyası və Rusiya DİN-in xüsusi ali təhsil müəssisələrini bitirmiş məzunlar vəzifələrə təyin olunublar
# 20 dekabr 2014 13:16 (UTC +04:00)

Bakı-APA. Dekabrın 20-də Daxili İşlər Nazirliyində (DİN) Türkiyənin Ankara Polis Akademiyasını və Rusiya Federasiyası DİN-in xüsusi ali təhsil müəssisələrini 2014-cü ildə bitirmiş məzunların orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, son illər davamlı olaraq bu praktikadan istifadə olunduğunu bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın və xarici dövlətlərin ali hüquq təhsili müəssisələrinin məzunlarının orta rəis heyəti vəzifələrinə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə 18 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra püşkatma yolu ilə təyinat aparılıb. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara öz tövsiyələrini verib.

Ramil Usubov təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərilərində daim işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR