Azərbaycanda Nefroloqlar və Dializ həkimləri Assosiasiyası yaradılacaq

Azərbaycanda Nefroloqlar və Dializ həkimləri Assosiasiyası yaradılacaq
# 27 mart 2013 11:26 (UTC +04:00)

Azərbaycanda hər bir milyon nəfərə 350-400 xroniki böyrək xəstəsi düşür

Bakı. Könül Kamilqızı – APA. “Dünya səhiyyəsinin mühüm problemlərindən biri də xroniki böyrək xəstəlikləridir. Belə ki, orta statistik rəqəmlərə görə, dünya əhalisinin hər bir milyon nəfərinə 650-900 xroniki böyrək xəstəsi düşür. Azərbaycanda bu rəqəm 350-400 nəfər təşkil edir”. APA-nın xəbərinə görə, bu Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.

Məlumatda bildirilib ki, son illərdə regionlarda açılan yeni Dializ şöbələri şəhər və rayon əhalisinin dövlət hesabına dializ müalicəsi almağa imkan yaradıb. Əgər 2006-cı ildə ölkədə 601 xəstə proqram hemodializlə təmin olunubsa, bu gün 2150 xəstə Bakı şəhəri və regionlarda hemodializ müalicəsi qəbul edir. Ölkə üzrə 27 mərkəzdə 380 dializ aparatı xəstələrə xidmət göstərir. Son aylarda Azərbaycanda yeni 4 hemodializ mərkəzi - Gəncə, Salyan, Kürdəmir, İmişli rayonlarında istifadəyə verilib. Ilin sonuna qədər Xaçmaz, Sumqayıt və Yevlaxda dializ mərkəzinin açılışı gözlənilir. Ölkədə böyrək transplantasiyası yenidən bərpa olunmuş və dövlət hesabına həyata keçirilir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik korpusunda Ümumdünya Böyrək gününə həsr olunmuş konfrans keçirilib. Konfransın sonunda Azərbaycan Nefroloqlar və Dializ həkimləri Assosiasiyasının yaradılması və nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul olunub. Assosiasiyanın idarə heyətinin tərkibi açıq səsvermə yolu ilə təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR