Ötən il Azərbaycanda dializ şöbələrinə 882 yeni xəstə qəbul olunub

Ötən il Azərbaycanda dializ şöbələrinə 882 yeni xəstə qəbul olunub
# 12 mart 2015 13:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda hemodializ müalicəsinə cəlb olunan xəstələr 9-78 yaş həddi arasındadır.

APA-nın xəbərinə görə, bunu M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. Onun sözlərinə görə, buna baxmayaraq, hemodializ müalicəsinə cəlb olun ən kiçik xəstənin 2, ən yaşlı xəstənin isə 84 yaşı olub.

F. Babayev deyib ki, hemodializ şöbələrində 135 həkim, 382 orta tibb işçisi çalışır: “Xəstələr xroniki böyrək xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq həftədə 2-3 dəfə hər dəfə 4 saat olmaqla dializ seansları alırlar. 90,2% xəstə dializ müalicəsinə arterio-venoz fistula yolu ilə, 6,6% xəstə 2 yollu damar(körpücükaltı, yuqulyar) kateri ilə, 3% xəstə permanent kateterlə, 0,2% xəstə isə damar protezi vasitəsilə qoşulur”.

F.Babayev əlavə edib ki, 2014-cü ildə respublikanın dializ şöbələrinə 882 yeni xəstə qəbul olunub, onlardan 371 nəfəri Bakıda, 511 nəfəri regionlarda hemodializə cəlb edilib. Xəstələr arasında yaşama müddətinin 5 illik fasilə ilə hesablandığını deyən şöbə müdiri vurğulayıb ki, Azərbaycanda 5 illik yaşama müddəti 51%-dən yuxarıdır: “Hər bir xəstəliyin nəticəsində letal sonluq ola bilir. 2014-cü ildə Azərbaycanda 492 nəfər hemodializ xəstəsində letal sonluq qeydə alınıb, onlardan 207 nəfəri Bakı şəhərində, 285 nəfəri isə regionlarda olub. Ölkə üzrə ölüm faizi isə 20,1% təşkil edib. Ölüm hallarının analizi göstərir ki, letal sonluğun əsas səbəbini 78,8% halda kəskin ürək qan-damar çatışmazlığı təşkil edir. 12,9% halda beyin-qan dövranı pozulması, 1,4% daxili qanaxmalar, 3,9% septiki hallar xəstələrin ölümünə səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR