ABŞ-ın Azərbaycandakı səfirinin müşaviri Bakı Ali Neft Məktəbində olub

ABŞ-ın Azərbaycandakı səfirinin müşaviri Bakı Ali Neft Məktəbində olub
# 27 fevral 2013 14:51 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Azərbaycandakı səfirinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Cons Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda ölkə iqtisadiyyatının yüksəkixtisaslı mühəndis kadrlarına olan tələblərinin ödənilməsi məqsədilə yaradıldığını, tələbə qəbulu göstəricilərinə görə BANM-in 2012-ci ildə ali məktəblər arasında mütləq lider olduğunu bildirib.

Onun sözlərinə görə, tədris prosesi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində ən müasir texnologiyaların tətbiqi ilə aparılır, tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlər həyata keçirilir, biliklərin qiymətləndirilməsinə partnyor-universitet tərəfindən həyata keçirilməsi hesabına tam şəffaf və obyektiv mühit yaradılıb.

Rektor 2013-2014-cü ildə “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 50, “Kimya mühəndisliyi” ixtisası üzrə 50 və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 20 tələbənin qəbul ediləcəyini, Dövlət Bayrağı meydanı yaxınlığındakı ərazidə hazırda inşa edilən şəhərciyin istismara verilməsindən sonra ixtisasların sayının artırılacağını vurğulayıb, beynəlxalq əlaqələrin genişləndirilməsinin BANM-in fəaliyyətinin prioritetlərindən olduğunu və ona görə də ABŞ-ın universitetləri ilə sıx əlaqələr qurulmasına ehtiyac olduğunu deyib.

Kristofer Cons Azərbaycanda mühəndis kadrları hazırlayan müasir tipli belə bir ali təhsil müəssisəsinin yaranmasını təhsil sistemində önəmli addım kimi qiymətləndirib, ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsi planlarını alqışlayıb və səfirliyin ABŞ-ın müvafiq təhsil mərkəzləri ilə BANM-in müxtəlif proqramlar üzrə əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR