Mingəçevirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir - FOTO

Mingəçevirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir - <span style="color: red;">FOTO
# 14 may 2015 10:34 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mayın 14-də Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə bölgədə fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar iştirak ediblər. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən, şəhərdə qeydiyyatdan keçən dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb. Niyazi Bayramov diqqətə çatdırıb ki, dini-etiqad azadlığının təmin olunması, şəhərdə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə dövlət-din münasibətləri ilə bağlı Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir”.

Çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılıb. İki gün davam edəcək iclasda “Dini maariflənmə və milli-mənəvi dəyərlərin təbliği” və “İslama ənənəvi baxışın qorunmasında radikalizmlə mübarizənin əhəmiyyəti” mövzusunda məruzələr dinləniləcək.

Mübariz Qurbanlı daha sonra şəhərdəki Heydər məscidində dindarlar və icma üzvləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR