ABŞ Krımı iqtisadi blokadaya alır

ABŞ Krımı iqtisadi blokadaya alır
# 20 dekabr 2014 08:36 (UTC +04:00)

Bakı – APA. ABŞ prezidenti Barak Obama Rusiya tərəfindən ilhaq olunan Krımın iqtisadi blokadaya alındığını elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında bu barədə fərman imzaladığını bildirib:

“Bu gün mən Ukraynadakı vəziyyətlə bağlı sonrakı addımları müəyyənləşdirən fərman imzaladım. Fərman Krıma əmtəə, texnologiyalar və xidmətlərin ixracını, Krımdan idxalatı və Krıma sərmayə yatırılmasını qadağan edir. Fərman maliyyə nazirinə Krımda iş görən şirkətlərə və fiziki şəxslərə sanksiyalar tətbiq etmək hüququ verir”.

B. Obama Rusiyanı bir daha Krımın işğalında və ilhaq cəhdində, eləcə də Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə ittiham edib: “Fərmanda məqsəd odur ki, bölgədə iş aparan Amerika korporasiyalarına situasiyanı aydınlaşdıraq və ABŞ-ın Krımın Rusiya tərəfindən işğalı və ilhaq cəhdi ilə razılaşmayacağını təsdiqləyək. Mən bir daha Rusiyanı işğala və Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə son qoymağa, Minsk razılaşmalarına uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırıram”.

Qeyd edək ki, ABŞ Ukraynanın ərazi bütövlüyünə qəsd etdiklərinə görə sanksiya tətbiq etdiyi Rusiya və Ukrayna vətəndaşlarının siyahısını genişləndirib. Yeni siyahı Maliyyə Nazirliyinin saytında açıqlanıb. Siyahıda Krımın prokuroru Natalya Poklonskaya, yarımadanın daxili işlər nazirinin müavini Dmitri Neklyudov, rusiyalı iş adamı Konstantin Malofeyev, “Noçnıye volki” bayker klubunun rəhbəri və Vladimir Putinin dostu Aleksandr Zaldostanov, eləcə də separatçı Donetsk və Luqansk “xalq respublikaları”nın nümayəndələrinin adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR