Mahmud Məmmədquliyev: “Azərbaycanla Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığa söykənəcək hüquqi sənədin hazırlanmasının vaxtıdır”

Mahmud Məmmədquliyev: “Azərbaycanla Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığa söykənəcək hüquqi sənədin hazırlanmasının vaxtıdır”
# 25 fevral 2015 09:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı 20 il öncə başlayıb: “Azərbaycanın Avropa İttifaqına maraq göstərməməsi ilə bağlı daxildə və xaricdə olan spekulyasiyalar var, bunlar boş söhbətdir. Bizim strateji məqsədimiz Avropa İttifaqının təcrübəsini Azərbaycanda ən yüksək səviyyədə tətbiq etməkdir”.

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsindəki əlaqələrin yüksək səviyyədə olduğunu deyən nazir müavini ötən ilin sentyabrında Bakıda Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulduğunu, 10 gün əvvəl isə Məşvərət Şurasının ilk iclasının keçirildiyini xatırladıb: “Mesajımız odur ki, biz çox diqqətli, ehtiyatlı olmalıyıq ki, hər an yaranan çətinliyə cavab verə bilək”.

M. Məmmədquliyev Azərbaycanın Avropa İttifaqının layihələrində iştirakla bağlı protokolu artıq ratifikasiya etdiyini önə çəkib. O təəssüflə qeyd edib ki, bu protokol digər ölkələr tərəfindən ratifikasiya olunmayıb: “Mən burada iştirak edən səfirlərə müraciət edirəm ki, bu protokolun ratifikasiyası ilə məsələnin həllinə töhfə versinlər”.

Nazir müavini bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa söykənəcək hüquqi sənədin hazırlanmasının vaxtıdır. Onun sözlərinə görə, Azərbaycan buna hazırdır və sənəd yekunlaşma mərhələsindədir. Sonra bu sənəd Avropa İttifaqı Komissiyasına müzakirə üçün veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR