Türkiyəli şərhçi: “Ankaranın Suriya siyasətində dəyişiklik gözləmək lazım deyil” - MÜSAHİBƏ

Türkiyəli şərhçi: “Ankaranın Suriya siyasətində dəyişiklik gözləmək lazım deyil” - <span style="color: red;">MÜSAHİBƏ
# 22 iyun 2016 09:06 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Orta Şərq üzrə tanınmış mütəxəssis, jurnalist-yazar Fəhim Taştəkinin APA-ya müsahibəsi

- Suriyadakı proseslər rejimin ordusu və müxalif qüvvələrin Hələbə, yoxsa Rakkaya hücum etməsi üzərində haçalansa da, Hələb ətrafında şiddətli döyüşlərin getdiyini görürük. Hələbin taleyi Suriyada və bölgədə nəyi dəyişdirə bilər?

- Proseslərin iki istiqamətə fokuslanması gözlənilirdi; Rusiya dəstəkli hökumət qüvvələri Hələb şəhəri üzərinə çox ciddi əməliyyat planı hazırlayıb, indi Hələbin yenidən hökumət qüvvələrinin əlinə keçməsi üçün ciddi savaş gedir. ABŞ isə Suriyadakı proseslərin içində öz varlığını qorumaq üçün “İslam Dövləti”nin paytaxtı Rakkaya hava və quru hücumu planlaşdırmışdı. Rakka böyük şəhərdir və Suriya hökumət qüvvələrinin də oranı geri qaytarma planı var. Şimal cəbhəsində kürdlərin irəliləməsi amerikan planlarını dəyişdirdi. ABŞ bölgə kürdlərini özünün müttəfiqi saydığına görə, Türkiyənin “qırmızı cizgi” xəbərdarlıqlarına məhəl qoymadan irəliləyən PYD-YPG qüvvələrinə dəstək vermək üçün diqqətini Rakkadan ayırıb, Suriyanın şimalına yönəltmiş durumdadır. Suriya ordusunun Hələbə hücumunun gücləndiyi vaxtlarda şayiə yayılmışdı ki, Rusiya, İran və Suriya arasında anlaşmazlıq və narazılıq var və buna görə İran bölgədəki hərbi gücünü geri çəkəcək. Sonradan məlum olub ki, bunlar hamısı dedi-qodudur. Suriya məsələsində Rusiya ilə ABŞ-ın arasında anlaşma olduğuna görə, Rusiya ölkənin ən qısa müddətdə terrorçulardan təmizlənməsi və Suriyanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində təmkinli davranır. Bəzən Rusiyanın güclü dəstəyi ilə əməliyyatlar daha da sürətlənsə də, bir müddətdən sonra yenidən səngiyir və danışıqlar prosesi başlayır. Bunun səbəbi Rusiyanın həm ABŞ ilə tərs düşmək istəməməsi, həm də bölgədəki proseslərdə ABŞ-ın varlığını tamamilə sıfırlamağa könülsüz yanaşmasıdır. İran, Livan və “Hizbullah” isə Suriyanın bir an əvvəl terrorçulardan təmizlənməsi üçün təzyiq göstərirlər. Hazırda Hələbin Suriya dövlət ordusunun əlinə keçməməsinin iki əsas səbəbindən biri budur - Rusiya ABŞ-a rəğmən hər hansı radikal addım atmaq istəmir. İkincisi isə, Səudiyyə Ərəbistanı və Türkiyə bizim torpaqlarımızdan Hələbə külli miqdarda silah-sursat və xeyli canlı qüvvə göndəriblər. Ona görə Hələb ələ keçirilməsi çox da asan olmayan bir şəhər vəziyyətinə gəlib.

- Savaşa paralel olaraq, sülh danışıqları prosesinə də diqqəti cəlb edirsiniz. ABŞ dövlət katibi Kerri Əsədin tərəfində terrorçulara qarşı vuruşan müxaliflərin hökumətə daxil edilməsinin lüzumundan bəhs etdi və bununla bağlı olaraq Rusiyanın Əsədə təzyiq göstərməsini istədi. Sizcə, Əsəd müxalifləri hökumətə daxil edəcəkmi?

- Bu məsələ gündəmə ilk dəfə gəlmir. Daha əvvəl Əsəd əlinə silah almamış müxaliflərdən bəzilərini hökumətə daxil etmişdi. Ancaq müxaliflər Əsədin öz yerini onlara təhvil verərək tamamilə getməsini istəyirlər. Nəinki Əsəd, heç kim hakimiyyəti qızıl teştdə aparıb müxaliflərə təhvil verməz. Bunu Rusiya qəbul etməyəcəyi kimi, İran və Livan da qəbul etməz. Əsədin mövqeyi bundan ibarətdir ki, ölkəni terrorçulardan birgə təmizləyək, sonra hakimiyyətin bölüşdürülməsi məsələsini müzakirə edək. Savaş bitəndən sonra bütün proseslərdə Əsədin iştirak etməsi qaçılmazdır. Suriyada çözüm prosesi yaşanacaqsa, ölkədəki bütün qüvvələrin o prosesin içində olması lazım gələcək.

- Son günlərdə Suriya ilə bağlı Türkiyənin mövqeyində çox ciddi dəyişikliklər yaranacağına dair söz-söhbətlər gəzir. Türkiyə mövqeyini dəyişdirirsə, necə və nə şəkildə dəyişdirir?

- Türkiyə-İsrail münasibətləri ilə Türkiyə-Suriya münasibətləri fərqli məsələlərdir. Suriyadakı rejimin dəyişməsi və oraya “Müsəlman qardaşları” rejiminin gəlməsi üçün Türkiyə əlindən gələn hər şeyi etdi. Səudiyyə Ərəbistanının maddi dəstəyi ilə Türkiyədən Suriyaya xeyli miqdarda silah və döyüşçü getdi. Ona görə, sərhədlərimizdəki durum acınacaqlıdır. Kilisin vəziyyətini görürsünüz. Bu, Türkiyə tərəfindən edilmiş səhv deyil, şüurlu şəkildə atılmış addımdır. Ona görə, mən Türkiyənin Suriya siyasətində yaxın gələcəkdə dəyişiklik olacağını zənn etmirəm. Çünki Suriya məsələsinə görə hələ ki hökumətin üzərində ictimaiyyətin ciddi təzyiqi olmadığı kimi, müxalifət də o məsələyə görə hökuməti sıxışdıra bilmir. Bu durumda hökumətdən Suriya məsələsində siyasət dəyişikliyi gözləməyin mənası yoxdur. Səudiyyə Ərəbistanı ilə birlikdə Hələbin Suriya dövlət ordusundan müdafiə edilməsində ən önəmli rolu Türkiyə üzərindən oraya göndərilən adamlar oynayırsa, hökumətin Suriya siyasətində hansı dəyişikliyi gözləməliyik? Hökumət Suriyadan gələn qaçqınları səbəb göstərərək Avropa Birliyinə qarşı şantaj edir, İncirlik hərbi bazası üzərindən NATO-dakı müttəfiqi ABŞ-ı şantaj edirsə, bu durumda Suriya siyasətindəki hər hansı dəyişiklikdən söhbət gedə bilməz, o söhbətlərin heç bir əsası yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR