Prezident İlham Əliyev: “Azərbaycan dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcək”

Prezident İlham Əliyev: “Azərbaycan dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcək”
# 16 aprel 2013 08:43 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva. Mübariz Aslanov-APA. Bakıda keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda konfransda Azərbaycan, Rusiya, Belarus və Qırğızıstan prezidentlərinin, Moskva patriarxı Kirillin konfrans iştirakçılarına təbrik məktubları oxunub. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Məktubda bildirilir ki, Azərbaycan İslam dünyasının tarixi mədəni mərkəzlərindən biri olmaqla dünyəvi və çoxkonfessiyalı bir dövlətdir: “Ölkəmizdə tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan mehriban dostluq, əməkdaşlıq münasibətləri mövcud olub. Cəmiyyətimizdə belə mütərəqqi münasibətlərin bərqərar olmasında İslam dininin müstəsna rolu danılmazdır. İslam dini öz bəşəri missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, humanizmə və həmrəyliyə dəvət edir. Bu gün ölkəmizdə tarixi mənəvi irsin, etnik mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişafı həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Hazırda qloballaşan dünyada mürəkkəb ictimai siyasi proseslər yaşanır. Etnik dini zəmində münaqişələr, etnik ayrı seçkilik, dini ekstremizm və islamafobiya kimi arzuolunmaz təzahürlər müşahidə olunur. Belə hallara qarşı sivilizasiyalararası dialoqa və əməkdaşlığa dini mənəvi liderlərin nüfuzlu sözlərinə bu gün ehtiyac var. Dinin cəmiyyət həyatında xüsusən də gənclərin mənəvi əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin təbliği və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir”.

Prezident məktubunda bildirib ki, bütün bunlar müasir mərhələdə Azərbaycanın daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir: “Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən islam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Son illərdə MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirib. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcək”.

Rusiya səfiri Vladimir Doroxin isə prezident Putinin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, MDB məkanında milyonlarla müsəlman yaşayır, onlar cəmiyyətin inkişafına mühüm töhfə verir və aktiv dialoq aparır: “Bu cür fəlaiyyət ölkələrimizin inkişaf maraqlarına tam şəkildə cavab verir, cəmiyyətin konsolidasiyasına xidmət edir, MDB məkanında inteqrasiya prosesləri üçün mühüm əsas rolunu oynayır”.

Vladimir Putin konfrans iştirakçılarının ekstremizmə və radikalizmə qarşı mübarizə aparmasının vacibliyini qeyd edib: “Ardıcıl şəkildə dini fanatizmin inkar edilməsi atmosferi formalaşdırmaq zəruridir. Çünki dini fanatizm mərhəmət, qarşılıqlı yardım və dözümlülük prinsiplərinə əsaslanan islamın mənəvi tarixini təhrif etməyə çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR