Balaxanı Sənaye Parkının yeni internet səhifəsi istifadəyə verilib

Balaxanı Sənaye Parkının yeni internet səhifəsi istifadəyə verilib
# 05 mart 2013 08:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC Balaxanı Sənaye Parkının yeni internet səhifəsini (www.bsp.az) istifadəyə verib.

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, istifadəyə verilmiş internet səhifə ölkədə tullantıların emalı sahəsində ilk sənaye parkının fəaliyyətinin işıqlandırılmasına xidmət edəcək. Yeni internet səhifədə sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Sənaye parkı ilə maraqlananlar internet səhifəsində parkın infrastrukturu və üstünlükləri, bu sahədə qanunvericilik, investisiya güzəştləri, ölkəmizdə yaşıl biznesin inkişafı sahəsində irəliləyişlər, yeniliklər və ən son xəbərlərlə haqqında məlumat ala bilərlər. Həmçinin istifadəçilər sənədlər bölməsinə daxil olaraq sənaye parkının baş planı ilə tanış ola və ətraflı infrastruktur məlumatları əldə etmək üçün parkın elektron broşürünü yükləyə bilər.

Bundan başqa, yaşıl biznes sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlar elektron formanı dolduraraq «on-line» şəkildə müraciət edə və Balaxanı Sənaye Parkında əlverişli şərtlərlə istehsal sənayelərini qura bilər.

Qeyd edək ki, Balaxanı Sənaye Parkı Azərbaycan prezidentinin sərəncamına əsasən «Təmiz Şəhər» ASC tərəfindən təsis edilib. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesini inkişaf etdirməkdir. Parkın başlıca faydaları bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR