Azərbaycanda pnevmokok infeksiyasına qarşı peyvəndin tətbiqi ilə bağlı konfrans keçirilib

Azərbaycanda pnevmokok infeksiyasına qarşı peyvəndin tətbiqi ilə bağlı konfrans keçirilib
# 23 aprel 2013 10:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Elmi-Tədqiqat Pediatriya İnstitutunda pnevmokok infeksiyasına qarşı peyvəndin Azərbaycan Respublikasının İmmunlaşdırma Proqramında tətbiqinin hazırlığına həsr olunmuş konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru Nəsib Quliyev konfransın Azərbaycanda pnevmokok infeksiyasına qarşı peyvəndin tətbiqi ilə bağlı təşkil olunduğunu deyib. Onun sözlərinə görə, pnevmokoklar pnevmaniya, meningit, orta qulağın iltihabı və digər qorxulu xəstəliklər törədə bilər: “Məqsədimiz pnevmokoklara qarşı hazırlanmış vaksinin Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da tətbiqinə nail olmaqdır. Hazırda ölkəyə həmin peyvənd materialının gətirilməsi üçün dövlət böyük dəstək verir və dövlət hesabına həyata keçirilir. Əminəm ki 11-ci vaksinin tətbiqi də uşaqlarımız arasında meningit, sətəlcəm və digər xəstəliklərin sayının azalmasına gətirib çıxaracaq”.

N. Quliyev qeyd edib ki, peyvənd həftəsinin digər məqsədlərindən biri də, ölkədə peyvənd işinin təbliğ olunmasıdır: “Təəssüflər olsun ki, bəzi insanlar peyvəndin əhəmiyyətini başa düşmədən bu haqda cürbəcür fikirlər söyləyirlər. Buna görə də dünyada keçirilən peyvənd həftəsinin məqsədi bunun insanlar arasında doğru təbliği və bunun köməyi ilə də insanların öz uşaqlarını peyvəndə cəlb etməsini aktivləşdirməkdən ibarətdir. Eyni zamanda immunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcəkdir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun immunlaşdırma proqramının eksperti Lyudmila Mosina isə deyib ki, yeni vaksinin tətbiqi bir çox xəstəliklərin qarşısını alacaq. Hazırda 78 ölkənin vaksindən istifadə etdiyini deyən ekspertin sözlərinə görə, bu ildən etibarən peyvənd Azərbaycanda da tətbiq olunacaq: “Hazırda bu vaksin dünyanın bir çox ölkələrində geniş tətbiq edilir. Dünyada 78 ölkə bu vaksindən yararlanır. Bu xəstəliyin daha az özünü göstərdiyi ölkələr vaksin tətbiq etmiş ölkələrdir. Əsasən Asiya ölkələri bu vaksini tətbiq etmirlər. Azərbaycanda bu ildən etibarən bütün respublikada tətbiq olunacaq”.

Qeyd edək ki, Azərbaycanda İmmunlaşdırma Həftəsi aprelin 22-dən 27-dək keçiriləcək. İmmunlaşdırma həftəsi Bakı və bütün bölgələri əhatə edəcək. 2007-ci ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsinin keçirməsi təşəbbüsündə iştirak edir. 2013-cü ildə Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünə ÜST-nın Avropa Regionunun üzvü olan 53 dövlət qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR