Avropa Birliyi ESIDP çərçivəsində Azərbaycana ayırdığı məbləği azaldıb - FOTOSESSİYA

Avropa Birliyi ESIDP çərçivəsində Azərbaycana ayırdığı məbləği azaldıb - <span style="color: red;">FOTOSESSİYA
# 23 aprel 2013 15:04 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Avropa Birliyi (AB) Energetika Sahəsində İslahatlara Dəstək Proqramı (ESIDP) çərçivəsində Azərbaycan tərəfinə 5,75 mln. avro məbləğində yekun tranşı ayırıb.

APA-Economics”in xəbərinə görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, ESIDP bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində islahatlar strategiyası ilə əlaqədar AB-nin Azərbaycana yardım proqramıdır. Proqram çərçivəsində 2010-2011-ci illərdə Azərbaycan tərəfinə hər biri 3 mln. avro olmaqla iki tranş ödənilib. Sonuncu məbləği də nəzərə alanda AB-nin bu layihə çərçivəsində Azərbaycana ödədiyi vəsait 11,75 mln. avro təşkil edib.

Mətbuat konfransında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycanda ənənəvi neft-qaz ehtiyatları ilə yanaşı, böyük alternativ enerji mənbələrinin də olduğunu bildirib. Onun sözlərinə görə, külək, günəş, bioqaz və s. ilə yanaşı, ölkədə dənizdəki dalğaların enerjisindən də istifadə etmək mümkündür: «Növbəti illərdə bu potensialın reallaşdırılması mühüm əhəmiyyət kəsb edir». Avropada bu sahəyə yanaşma barədə məlumat verən R.Kobia bildirib ki, AB-nin hədəflərinə əsasən 2020-ci ildə qitədə istifadə olunan enerjinin azı 20%-i alternativ enerjinin payına düşməlidir. Paralel olaraq Avropa ölkələri enerjidən səmərəli istifadəni də artırmaq niyyətindədirlər.

Amma səfir bildirib ki, alternativ enerjinin payının artması AB-nin ənənəvi enerji daşıyıcılarına - neft və qaza tələbatını azaltmayacaq. Bununla bağlı «APA-Economics»in sualını cavablandıran səfir bildirib ki, Avropada qaz hasilatının azalması və AES-lərdən istifadənin məhdudlaşdırılması əlavə enerji mənbələrinə tələbatı artırır. Digər tərəfdən, Avropada iqtisadi artım da gözlənilir ki, bu da enerjiyə və qaza tələbatı artıracaq: «Buna görə də bizə Azərbaycan qazı lazımdır».

Tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib ki, Azərbaycanda alternativ enerji ilə bağlı işlər hələ ötən əsrin 70-ci illərindən başlanıb: «O vaxt Bakıda günəş panelləri istehsal olunurdu ki, bunlar da sovet kosmik sənayesində istifadə edilirdi. Bundan başqa, Bakıda 3 binanın üzərinə günəş enerjisi qurğuları yerləşdirilmişdi. Amma sonradan bu sahəyə maraq azaldı». Son illər Azərbaycanda bu sahədə görülən işləri xatırladan agentliyin sədri hökumətin bu sahədə ciddi planlarının olduğunu açıqlayıb.

Qeyd edək ki, adı çəkilən layihənin əsas tələblərindən biri bərpa olunan enerji mənbələrini və enerjidən səmərəli istifadəni nəzərdə tutan hərtərəfli, kompleksli və şəffaf enerji strategiyasının hazırlanmasıdır. A.Bədəlov bildirib ki, artıq strategiyanın layihəsi hazırlanaraq prezident administrasiyasına təqdim edilib. Bu sənəddə ölkədəki alternativ enerji mənbələri, onlardan istifadə üsulları, yatırılacaq investisiya və s. məsələlər əksini tapıb: “Bu sənədlə yanaşı, alternativ yolla istehsal edilən enerji üçün tarif sistemi də ölkə rəhbərliyinə təqdim edilib”.

Qeyd edək ki, Azərbaycan hökumətinin Energetika Sahəsində İslahatlara Dəstək Proqramı (ESİDP) çərçivəsində bəzi öhdəliklərini yerinə yetirməməsi AB tərəfindən bu layihəyə əvvəl nəzərdə tutulduğundan 2,25 mln. avro az məbləğ ayırması ilə nəticələnib. Proqram çərçivəsində Azərbaycan tərəfinə 14 mln. avro vəsait ödənilməsi nəzərdə tutulsa da, yekunda bu məbləğ 11,75 mln. avroya düşüb.

Mətbuat konfransında çıxış edən R.Kobia bildirib ki, nəzərdə tutulan vəsaitin tam ödənilməməsi Azərbaycan tərəfdən nəzərdə tutulan bəzi işlərin yerinə yetirilməməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR