Azərbaycanda bank əmanətlərinin 93%-i paytaxtın payına düşür

Azərbaycanda bank əmanətlərinin 93%-i paytaxtın payına düşür
# 12 fevral 2013 10:51 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cəlb etdiyi əmanətlərin ümumi həcminin 93%-i Bakı şəhərinin payına düşür. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, 2013-cü il yanvarın 1-nə əhalinin ölkə banklarında 5 113 407,8 min manatlıq əmanəti olub ki, bundan 4 754 296,6 min manatı paytaxtda banklara yatırılıb. Əmanətlərin 359 111,2 min manatı və ya ümumi əmanətlərin 7%-i isə regionların payına düşür.

Regionlar arasında ən çox əmanət yatırılan Abşeron iqtisadi rayonudur. Burada 109 864,7 min manat və ya ümumi əmanət portfelinin 2,15%-i yerləşdirilib. Ümumilikdə, regionlara yerləşdirilən əmanətlərin 30%-i Abşeron iqtisadi rayonunun payına düşür. Başqa sözlə, Bakı və Abşeronu çıxmaq şərti ilə digər regionlara yatırılan əmanətlərin həcmi ümumi əmanət portfelinin 5%-dən də azdır.

Digər regionlara gəlincə, Gəncə-Qazax iqtisadi rayonunda 76 006,9 min manat (ümumi əmanət portfelinin 1,5%-i), Aran iqtisadi rayonunda 55 154,6 min manat (1,1%), Lənkəran iqtisadi rayonunda 27 564 min manat, Quba-Xaçmaz iqtisadi rayonunda 25 563,6 min manat, Naxçıvan iqtisadi rayonunda 24 033,5 min manat, Şəki-Zaqatala iqtisadi rayonunda 22 596,8 min manat, Dağlıq Şirvan iqtisadi rayonunda 8 327,3 min manat, Yuxarı Qarabağ iqtisadi rayonunda 8 160,5 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonunda 1 839,3 min manat əmanət kimi yerləşdirilib.

AMB-nin məlumatına görə, ölkə üzrə əmanətlərin orta illik dərəcəsi 8,4% təşkil edir. Əmanətlər üzrə ən yüksək faiz dərəcəsi 9,2% təşkil edir, ən aşağı faizlər Naxçıvanda (3,3%) ödənilir. Bakı şəhərində əmanətlər orta hesabla illik 8,5%-lə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR